Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
AzEdu.az Təhsil Portalı nazirin uşaqlıq fotolarını və həmin illərə dair xatirələrini bölüşür.
“Mən Fizika - Riyaziyyat və İnformatika Təmayüllü Liseydə 1996-1999-cü illərdə oxumuşam. Riyaziyyata və Fizikaya böyük marağım olub, ona görə də bu liseydə oxumaq üçün valideynlərimdən xahiş etdim. Həyatımın ən xoş illəri deyərdim ki, bu məktəbdə keçib. Çünki ən yaxın dostlarımla, yaxınlarımın əksəriyyəti ilə bu məktəbdə tanış olmuşam.
Bu məktəb bizim vaxtımızla müqayisədə eyni və fərqli məsələlərlə yadda qalır. Eynilik odur ki, hələ də lisey cəmiyyətə dəyərli, savadlı insanlar yetişdirir. Digər tərəfdən isə məktəbin şəraiti, təmiri, indiki infrastrukturu biz oxuyan illərlə müqayisədə dəfələrlə dəyişib, yenilənib.
Məktəb müqəddəs ocaqdır. Burada insan öz müəllimlərini görəndə eyni hissləri, nostaljini hiss edir, şagirdlik dövrünə qayıdır. İnsan o hissləri daha çox yaşayır, nəinki məmurluq həyatını.
Azərbaycandakı imkanlar xaricdəkindən fərqlənir. Burada insanlara xidmət etmək, nəyisə qurmaq və daha çox faydalı olmaq imkanı var.
İkinci məsələ isə vicdan borcudur. Əgər mən öz pulumla xaricdə oxusaydım, orada qalmaq üçün mənəvi hüquqlarım bəlkə daha çox ola bilərdi, amma dövlətin proqramı, xalqın pulu ilə oxuyub, xaricdə qalmaq və "diskotekaya" getmək nə qədər düzdür, mən əmin deyiləm. Ona görə də geri qayıdıb bunu artığı ilə qaytarmaq istədim.
Bəzi xarici ölkələrə baxanda görürük ki, bizi sevən adamlar buradadır. Ona görə də düşünürəm ki, xaricdə oxuyub, geri qayıtmaq önəmlidir".