Yaponiyanın ən böyük şəhərlərindən biri olan Osaka 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməyə hazırlaşarkən, bütün şəhər boyu ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.
"Cebheinfo.az" xəbər verir ki, 13 aprel - 13 oktyabr tarixlərində keçiriləcək “Expo 2025” sərgisində 158 ölkə və regiondan nümayəndənin iştirakı ilə müxtəlif təqdimatlar, müzakirələr və sərgilər keçiriləcək. Yanvarın 27-dən qüvvəyə minən qadağaya əsasən, yollarda, parklarda, meydanlarda və digər ictimai yerlərdə siqaret çəkmək və elektron siqaretdən istifadə qadağan edilib. Qaydalara əməl etməyənlər 1000 yen (təxminən 6 dollar) məbləğində cərimələnəcəklər.
Osaka Bələdiyyəsinin bəyanatında deyilir:
"Şəhər boyu tüstüdən azad əraziləri genişləndirməklə biz təhlükəsizliyi, təmizliyi artırmağı və Osakanın beynəlxalq turizm məkanı kimi imicini gücləndirməyi hədəfləyirik".
Bildirilib ki, bu təşəbbüs təkcə şəhərin estetikasını gözəlləşdirmək deyil, həm də sakinlər və qonaqlar üçün təhlükəsiz, rahat yaşayış mühitini təmin etmək məqsədi daşıyır. Yaponiyada qanunlar əsasən restoranlar, ofislər və ictimai nəqliyyat kimi qapalı yerlərdə siqaret çəkməyi qadağan edir.
Bununla belə, bəzi şəhərlərdə ictimai yerlərdə siqaret çəkmək də qadağandır. Ölkədə yaşı 20-dən az olan şəxslərin tütün məmulatları alması və ya istifadə etməsi də qanunsuzdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, son iyirmi ildə Yaponiyada tütündən istifadə nisbəti təxminən yarıya qədər azalıb.
2000-ci ildə təxminən 32 faiz olan siqaret çəkmə nisbəti 2022-ci ilə qədər 16 faizə düşüb. Yaponiya Səhiyyə Nazirliyinin 2022-ci ildə keçirdiyi sorğuya görə, yetkin əhalinin 14,8 faizi siqaret çəkir. Nazirlik bu faizi 12 faizə endirməyi hədəfləyir.