AZ

HƏMAS-ın ilk mərhələdə azad etməli olduğu girovlardan səkkizi ölüb

İsraillə atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində HƏMAS-ın (ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu kimi tanınır) azad etməli olduğu 33 girovdan səkkizi ölüb. Vətəninfo.az xəbər verir ki, bunu jurnalistlərə İsrail hökumətinin sözçüsü David Menser bildirib. Hökumət sözçüsü deyib ki, sağ olanlarla bağlı siyahı HƏMAS tərəfindən təqdim olunub.

“HƏMAS-ın siyahısı İsrailin kəşfiyyat məlumatı ilə üst-üstə düşür, ona görə də sizinlə paylaşa bilərəm… Səkkiz girov HƏMAS tərəfindən öldürülüb”, – o, ölənlərin adını çəkmədən deyib.

Bununla da, HƏMAS-ın təqdim etdiyi siyahıya görə, yaxın həftələrdə azad edilməli olan 26 girovdan yalnız 18-i sağ-salamat qayıdacaq.

Bu həftə altı nəfərin sərbəst buraxılacağı gözlənilir. Belə ki, yanvarın 30-da girovların üçü, fevralın 1-də isə digər üç nəfər İsrailə təhvil verilməlidir. Onların arasında, vədlərə baxmayaraq, daha əvvəl azad edilməyən Arbel Yahud da var. İsrail HƏMAS-ı razılaşmaları pozmaqda günahlandırıb və Yahudun azad edilməsi məsələsi həll olunana qədər fələstinlilərin Qəzzanın şimalına hərəkətini müvəqqəti məhdudlaşdırıb.

Yahudun ABŞ və Aİ tərəfindən terror qruplaşması kimi tanınan “İslami Cihad” Fələstin qruplaşmasının girovluğunda olduğu ehtimal edilir. Yanvarın 27-də cihadçılar Yahudun videosunu yayıblar. Onun harada və hansı şəraitdə çəkildiyi açıqlanmır. İsrail və Rusiya vətəndaşı olan Aleksandr Trufanov da “İslami Cihad”ın girovluğundadır.

Yanvarın 15-də atəşkəs əldə ediləndən bəri HƏMAS yeddi qadın girovu azad edib. Sərbəst buraxılan 33 məhbusun müqabilində İsrail ağır cinayətlərə görə məhkum olunanlar da daxil olmaqla 2 minə yaxın fələstinli məhbusu həbsxanalarından azad etməyə razılaşıb.

2023-cü ilin 7 oktyabrında İsrailin cənubuna hücum zamanı HƏMAS silahlıları təxminən 250 nəfəri girov götürərək Qəzza zolağına aparıblar. 2023-2024-cü illərdə 165 nəfər azad edilib, onlardan 41-i ölüb. Təxminən 90 nəfər HƏMAS və “İslami Cihad”ın girovluğunda qalır, onlardan 30-dan çoxunun öldüyü güman edilir.

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı 47 mindən çox sakin həlak olub.

Seçilən
0
veteninfo.az

1Mənbələr