Basketbol üzrə U-18 millimizin baş məşqçisi Anar Sarıyevin SİA-ya müsahibəsini təqdim edirik
- Avropa çempionatının qrup mərhələsində mübarizə aparacaqsınız. Gözləntiləriniz nələrdir?
- Çox sevindirici haldır ki, biz B divizionunda mübarizə aparacayıq. İnanıram ki, 2-3 il sonra bu mərhələni də çox yaxşı şəkildə başa vuracayıq. Təbii ki, zamanı gələndə A divizionunda da mübarizə aparacayıq. 3 ildən çoxdur ki, Federasiya ilə birgə şəkildə əl-ələ verərək bu istiqamətdə çalışırıq ki, maksimum şəkildə nəticə əldə edək. Ən azından Avropaya səs salmaq arzusundayıq.
- B qrupunda Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya ilə üz-üzə gələcəksiniz. Bu millilər arasında ən çətin görüş sizcə haçan olacaq?
- Çox maraqlı qrupa düşmüşük. Hamı bildiyi kimi B divizonu digər qrupdan fərqlənir. Çünki buradakı rəqiblər çox güclü olur. Heç bir oyunda rahat qələbə qazanmaq olmur. Avropa çempionatı bu il olduqca maraqlı olacaq. Təbii ki, heç bir görüş asan olmayacaq. Heç biri zəif komanda deyil. Ukrayna, Rumıniya çox güclü komandalardır. U-21 komandamızla Makedoniyada Rumıniya ilə qarşılaşdığımız zaman gördüm ki, bu milli həqiqətən basketbol sahəsində çox irəliləyib.
- Çempionatın başlamasına hələ uzun bir müddət var. Hazırlıq prosesi necə olacaq?
- Hələki, bizim uşaqların çoxu çempionatda çıxış edir. Bəziləri xaricdə təhsil alır. Lakin eyni zamanda da məşq edirlər. Ona görə biz hazırlıq prosesinə yayda başlamağı planlaşdırırıq. Bakıda mayın 15-dən sonra təlimlərə start verəcəyik. Daha sonra iyunun 1-dən məşq toplanışını Şəkidə keçməyi planlaşdırırıq. Bu toplanış da 12-15 gün davam edəcək. Şəkidə bizim üçün hər cür şərait var. Məşq üçün çox əlverişli yerdir. 7-8 yoldaşlıq görüşü keçirməliyik.
- Komanda da nə kimi dəyişikliklər etməyi düşünürsüz?
- Komanda da böyük dəyişikliklər olmayacaq. Bizim nə oyunçularımız var idisə hamısı ilə məşqlərə davam edəcəyik.
- Avropa çempionatında əsas məqsədiniz nə olacaq?
- Məqsədimiz ən azından birinci mərhələni keçib, qrupdan çıxmaqdır. Ümid edirik ki, uşaqlarımızın heç biri zədələnməz. Oyunçularımız yaxşı vəziyyətdə olsalar, həmçinin xaricdə oxuyan oyunçularımızda vaxtında məşq toplanışına qoşula bilsələr yaxşı nəticə əldə etmək mümkün olacaq. Belə olduğu halda da Avropa çempionatını mümkün qədər müsbət formada başa vuracayıq.
Banuçiçək Hüseynli