AZ

Avropa İttifaqı Gürcüstan məmurları və diplomatik pasport sahiblərinə vizasız rejimi dayandırıb

Avropa İttifaqı (Aİ) Şurası yanvarın 27-də Gürcüstanla viza rejiminin sadələşdirilməsi sazişinin bəzi hissələrinin dayandırılması barədə qərar qəbul edib. Qərar nəticəsində gürcü diplomatlar və vəzifəli şəxslər Aİ-yə səfər edərkən vizaya müraciət etməli olacaqlar.

Aİ Şurasının yaydığı məlumata görə, Gürcüstan diplomatları və rəsmiləri viza tələblərini yenidən tətbiq edən üzv dövlətə səfərlər üçün daha qısa müraciət müddətindən, aşağı viza rüsumlarından və daha az təsdiqedici sənədlər təqdim etmək imkanından da faydalana bilməyəcəklər.

“Əsas hüquqlar və demokratik dəyərlər Aİ-yə inteqrasiyanın əsas prinsipləridir. Bu dəyərləri tapdalayan ölkəni təmsil edən məmurlar Aİ-yə asan girişdən faydalanmamalıdır”, Polşanın daxili işlər naziri Tomaş Semonyak deyib.

Aİ qərarın Gürcüstanın ötən il “Xarici təsirin şəffaflığı haqqında” qanun və “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunvericilik paketini qəbul etməsinə reaksiya olduğunu bildirib.

Aİ hesab edir ki, bu qanunlar gürcü xalqının əsas hüquqlarını, o cümlədən birləşmək və ifadə azadlığını, şəxsi toxunulmazlıq hüququnu, ictimai işlərdə iştirak hüququnu pozur, damğalanma və ayrı-seçkiliyi artırır.

Vizasız rejimin dayandırılmasının həmçinin hökumətin ötən il noyabrın 28-də Avropa İttifaqı ilə danışıqların 2028-ci ilə qədər dayandırılacağını elan etməsindən sonra başlayan dinc etirazların iştirakçılarına, siyasətçilərə və müstəqil mediaya qarşı Gürcüstan hakimiyyətinin amansız repressiyalarına cavab olduğu qeyd edilib.

Qərar Avropa İttifaqına üzv ölkələrdə keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstan rəsmi nümayəndə heyətlərinin üzvlərinə, Gürcüstan milli və regional hökumətləri və parlamentlərinin, Gürcüstan Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin üzvləri, həmçinin diplomatik pasport sahiblərinə şamil ediləcək.

Adi pasport sahibi olan Gürcüstan vətəndaşlarının Avropa İttifaqına qısamüddətli səfərləri zamanı vizadan azad edilməsi isə davam edəcək.

Avropa İttifaqı və Gürcüstan arasında vizaların verilməsinin sadələşdirilməsi haqqında saziş 1 mart 2011-ci ildə qüvvəyə minib. Bu, Gürcüstan vətəndaşlarına Avropa İttifaqında istənilən 180 günlük müddətdə 90 gündən çox qalmamaq şərtilə viza verilməsinin sadələşdirilməsinə yönəldilib.

visiontv.az



Seçilən
2
visiontv.az

1Mənbələr