Azərbaycanda səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəd var ki, onlar ya tamamilə yenilənməli, ya da müəyyən dəyişikliklər edilməlidir.
Missiya.Az xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəri sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, həmin sənədlər kadrlarla, ilkin səhiyyə xidmətləri ilə, maddi-texniki baza ilə və s. bağlıdır:
“Azərbaycanda ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır. Tibbi xidmətlərin sayının artırılması ilə bağlı işlər gedir. Xidmətlər zərfindəki 35 ilkin tibbi xidməti 150-yə çatdırmağı nəzərdə tuturuq. Bərdə rayonundakı pilot layihəyə görə isə bu 83-ə çatdırılacaq. Son rəqəmlərə əsasən, bölgələrdə qan və qan sistemi, tənəffüs orqanı xəstəlikləri artıb. Bunun səbəbi isə tibbi xidmətin keyfiyyətində fərqlərin olmasıdır. Bu xəstəliklər ümumi xəstələnmə hallarının 30 faizini təşkil edir. Hesab edirik ki, ilkin səhiyyə xidmətinin profilaktikası ilə bu göstərici azala bilər.”.