Suriyada yeni administrasiyanın lideri Əhməd əl-Şara keçid idarəçiliyi dövrü üçün ölkə prezidenti təyin edilib. Suriya Xəbər Agentliyi (SANA) xəbər verir ki, bu barədə Dəməşqdə keçirilən “Qələbə Konfransı”nda məlumat verilib.
Tədbirdə Əl-Şaranın özü, xarici işlər naziri Esaad Həsən əl-Şeybani, eləcə də ölkənin silahlı qruplaşmalarının nümayəndələri iştirak ediblər.
Konfransdan sonra Hərbi Əməliyyatlar İdarəsinin mətbuat katibi polkovnik Həsən Abdelqani yekun bəyannaməni oxuyub.
Sənədə əsasən, Əl-Şara Suriyanı beynəlxalq məkanlarda təmsil etmək səlahiyyəti alıb. O, həmçinin 2012-ci il konstitusiyasının ləğvini və əvvəlki hökumətlə əlaqəli ordu, təhlükəsizlik qüvvələri və parlamentin buraxıldığını elan edib.
Daha əvvəl Esaad Həsən əl-Şeybani “Suriya inqilabı”na dəstək verdiyi üçün Türkiyəyə təşəkkür edib və ölkənin ərazi bütövlüyünün vacibliyini vurğulayıb: “Bizim ərazi birliyimiz son dərəcə vacibdir. Biz bütün torpaqlarımızın mərkəzi hökumətin bir damı altında olmasını istəyirik”.
“Suriya xalqı diktaturaya qarşı olduğunu sübut etdi” deyən əl-Şeybani, Baas rejiminin suriyalıların maraqlarına cavab vermədiyini bildirib. Yeni hökumət “fərdlərə deyil, institutlara əsaslanan” və “bütün xalqın maraqlarını” nəzərə alan ölkə yaratmaq niyyətindədir.
PKK/YPG-dən gələn təhlükədən danışan nazir bildirib ki, yeni rəhbərlik Suriyanın heç bir ölkə, xüsusən də qonşuları üçün təhlükə yaratmamasına sadiqdir. "Biz bölgənin mərkəzi hökumətin nəzarətinə qayıtmasını və ərəb kimliyinin bərpasını təmin etmək üçün çalışırıq," – nazir deyib.
Almaz Həsənli