Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda Niderlandda PSV-yə 2:3 hesabı ilə uduzan "Liverpul"un baş məşqçisi Arne Slot məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:
"Gözlədiyim kimi, gərgin və bol qollu matç oldu. Bunun iki səbəbi var. Birinci səbəb budur ki, baş məşqçilərin hər ikisi yüksək təzyiq etməyi, topu müdafiə zonasından mümkün qədər tez çıxarmağı xoşlayır. Belədə, müəyyən səhvlər də olur, amma oyunun tempi düşmür.
Digər səbəbə gəlincə, hər iki tərəf, xüsusilə "Liverpul" adət etdiyimiz qaydada mübarizə aparmırdı. Bəzi epizodlarda hiss olunurdu ki, müdafiədəki futbolçular əsas heyət üzvləri kimi oynaya bilmirdilər. Hərçənd rəqabət yaratmaq baxımından irəli addım atdığımızı düşünrəm. Meydanda çox sayda gənc oyunçu var idi".
Xatırladaq ki, "Liverpul" ÇL-in Liqa mərhələsini 1-ci yerdə başa vurub və 1/8 finala birbaşa vəsiqə qazanıb. PSV isə 14-cü olub. Eyndhoven komandası pley-off mərhələsində mübarizə aparacaq.
Nihat