AZ

"Bakıda tıxacların artması məsələsi aktuallığını qoruyur" - Deputat

"Prezident İlham Əliyevin yanvarın 28-də keçirdiyi nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə ölkənin nəqliyyat sektorunda əldə olunan nailiyyətlər və gələcək prioritetlər geniş şəkildə müzakirə edildi. Ölkənin iqtisadi tərəqqisi və əhalinin sosial rifahı baxımından strateji əhəmiyyət daşıyan nəqliyyat infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən biri kimi diqqət mərkəzindədir. Bakı şəhəri və onun ətraf ərazilərinin nəqliyyat şəbəkəsinin müasir tələblərə uyğunlaşdırılması müşavirənin əsas müzakirə mövzularından biri oldu".

Bunu "Unikal"a açıqlamasında  Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyat sisteminin problemləri, xüsusilə tıxacların artması məsələsi uzun illərdir aktuallığını qoruyur:

"Son illərdə şəhərin nəqliyyat infrastrukturunun inkişafı üçün bir çox böyük layihələr həyata keçirilib. Yeni yollar çəkilib, yol qovşaqları və tunellər tikilib, metro şəbəkəsi genişləndirilib. Lakin əhali sayında artımın olması tıxac problemini yenidən aktuallaşdırır. Son 30 ildə Azərbaycan əhalisinin 7 milyondan 10 milyona çatması, xüsusilə paytaxt ərazisində əhali sıxlığının artmasına səbəb olub. Bu artım şəhərin mövcud yol infrastrukturu və ictimai nəqliyyat imkanlarını ciddi şəkildə yükləyir.

Dövlətimizin başçısı çıxışında Azərbaycanın nəqliyyat infrastrukturunun son 20 ildə keçdiyi inkişaf yolunu xüsusi vurğulayıb. Bu dövrdə ölkədə 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. Həmçinin 335 körpü və yolötürücüsü, 45 tunel və 163 yerüstü və yeraltı keçid inşa edilib. Bu layihələr olmasaydı, ölkənin nəqliyyat sisteminin indiki vəziyyətdə olması təsəvvür olunmaz idi. Sürətli inkişaf həm daxili, həm də beynəlxalq nəqliyyat əlaqələrinin güclənməsini təmin edib.

Bakı metrosunun inkişafı da müşavirədə diqqət çəkən əsas məsələlərdən biri idi. 2008-ci ildən etibarən yeddi yeni metro stansiyası tikilib, 266 müasir metro vaqonu alınaraq istismara verilib. Dövlət Proqramında isə daha 10 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Bu, şəhər daxilində sərnişinlərin rahat hərəkətini təmin edəcək və tıxacların azalmasına mühüm töhfə verəcək.

Cənab İlham Əliyev çıxışında ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqinin əhəmiyyətini də vurğulayıb. Bu məqsədlə Bakıya 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə elektrobusların istifadəyə verilməsi ilə bağlı işlər görülür. Bu təşəbbüslər şəhər nəqliyyatında havanın çirklənməsini azaltmağa və əhalinin həyat keyfiyyətini artırmağa yönəlib.

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu ölkənin strateji mövqeyini daha da gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan bu infrastrukturun inkişafı ilə beynəlxalq yük daşımalarında əhəmiyyətli iştirakçıya çevrilib. Ölkəmizin coğrafi mövqeyi təkcə üstünlük deyil, həm də böyük məsuliyyətdir. Bu səbəbdən beynəlxalq yüklərin daha effektiv daşınması üçün fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma və qonşu ölkələrlə əməkdaşlıq da vacibdir.

Son illərdə kənd yollarının inkişafı da xüsusi diqqət mərkəzindədir. İndiyə qədər ölkədə kənd yollarının 85-90 faizi təmir edilib və bu işlər davam edir. Bu yolların təkmilləşdirilməsi kənd təsərrüfatı məhsullarının bazara çatdırılmasını asanlaşdırır, əhalinin iqtisadi imkanlarını genişləndirir və sosial rifahı artırır.

Cənab İlham Əliyev, həmçinin müşavirədə Zəngəzur dəhlizinin gələcəyi və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə əlaqədar məsələləri diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib: “Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.

Zəngəzur dəhlizinin reallaşması regionda iqtisadi və logistik baxımdan yeni imkanlar yaradacaq. Bu layihə yalnız Azərbaycanın milli maraqlarını deyil, həm də region ölkələrinin iqtisadi inteqrasiyasını təmin edəcək. Eyni zamanda, dəhlizin açılması beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsinə mühüm töhfə verəcək. Ermənistan isə bu strateji layihəni əngəlləməklə həm özünü, həm də region ölkələrini potensial faydalardan məhrum edir.

Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı bir neçə aspektdən vacibdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, azad edilmiş ərazilərdə böyük nəqliyyat layihələri həyata keçirilir. Bu layihələr çərçivəsində 3400 kilometrə yaxın avtomobil yolunun, 45 tunelin, 447 körpünün və 16 viadukun tikintisi nəzərdə tutulub. Hazırda bu infrastruktur layihələri sürətlə həyata keçirilir və nəticələr artıq görünməkdədir. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun isə 94 faizi tamamlanıb. Bu növ infrastruktur layihələri ölkə daxilində nəqliyyat imkanlarını artırmaq və şəhərlər arasındakı əlaqələri gücləndirmək məqsədini daşıyır.

Azərbaycan Prezidenti yeni dövlət proqramının qəbul ediləcəyini və ölkənin bütün ərazilərində, o cümlədən azad edilmiş torpaqlarda nəqliyyat layihələrinin davam etdiriləcəyini açıqlayıb. Bu addımlar ölkə daxilində iqtisadiyyatın inkişafını, nəqliyyatın daha effektiv və təhlükəsiz bir səvviyyə çatdırılmasını təmin edəcək.

Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun dayanıqlı inkişafını təmin edir. Şəhər nəqliyyatında tıxacların azaldılması, metro şəbəkəsinin genişləndirilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı qarşıya qoyulan əsas hədəflərdəndir. Gələcəkdə bu istiqamətdə həyata keçirilən addımlar Azərbaycanın həm daxili, həm də beynəlxalq nəqliyyat sistemində daha güclü mövqeyə sahib olmasını təmin edəcək". 

 
 

Seçilən
8
41
unikal.az

10Mənbələr