Tanınmış filosof-kulturoloq Niyazi Mehdi reanimasiyaya yerləşdirilib.
Bu haqda Teleqraf.com-a Niyazi Mehdinin həyat yoldaşı Dilarə Mehdi məlumat verib.
"Həyat yoldaşım xəstəxanadadır. 10 gündür səhhətində ciddi problem var. Öncə başqa xəstəxanada müalicə aldı, sonra Mərkəzi Gömrük Hospitalına yerləşdirildi. Artıq 6 gündür ki, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir. Ürəyin fəaliyyəti dayanmışdı. Vəziyyəti çox ağırdır" - deyə Dilarə Mehdi bildirib.
O, deyib ki, həyat yoldaşının indi diqqətə ehtiyacı var: "Çox acı hisslər keçirirəm ki, elə böyük alimin, böyük insanın səhhətində belə problem var. Biz Niyazi Mehdinin səhhəti haqqında heç kimə məlumat verməmişik. Amma ona çox xoş olar ki, hamı ona diqqət ayırsın".
Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində anadan olub. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil alıb.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil alıb. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim, baş müəllim işləyib. Hazırda həmin kafedrada dosent vəzifəsindədir.
Fəlsəfəyə və kulturologiyaya aid çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir.