AZ

İki supergüc strateji bölgədə üz-üzə qaldı - Ordu hərəkətə keçə bilər

ABŞ dövlət katibi Marko Rubionun Latın Amerikasının kiçik dövlətlərinə - Panama, Qvatemala, Salvador, Kosta-Rika və Dominikana səfəri planlaşdırılır. Rubionun səfərinin Panamadan başlamasının səbəbi aydındır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rubio Prezident Donald Trampın əmrini yerinə yetirməyə gedir, Vaşinqton Panama kanalını nəzarət götürməyə çalışır:

“Rubio Panama rəybərliyi ilə həm kanalın Amerikaya qaytarılması, həm də Çinin bu dövlətdə möhkəmlənməsindən irəli gələn narahatlığı müzakirə edəcək. Çin şirkətləri Panamanın iki böyük limanına nəzarət edir. 2024-cü ildə həmin limanlardan 3.7 milyon konteyner daşınıb. Pekin bununla kifayətlənmək istəmir. Çin Panamanın infrastruktur layihələrinə böyük yatırımlar qoyub. Məsələn, Pekin Panamadan Kosta-Rika sərhədinə qədər yüksək sürətli dəmir yolu tikintisini maliyyələşdirir.

Panama kanalı üzərindən ABŞ-yə miqrant axını da həyata keçirilir. Ağ Ev bunun qarşısını almağa çalışır. Rubio bu mövzunu Mərkəzi Amerika ölkələrinə səfəri zamanı müzakirə edəcək.

Bu arada ABŞ Senatının Ticarət, elm və nəqliyyat komitəsində Panama kanalı ilə bağlı dinləmələr keçirilib. Komtənin sədri Ted Kruz Trampın kanalla bağlı söylədiklərini təkrarlayıb: “Panama kanalını ABŞ maliyyələşdirib və inşa edib. Buna baxmayaraq, Panamanın ABŞ-yə münasibəti ədalətli deyil”.

Görünən budur ki, Kruz da Tramp kimi düşünür. Senator ABŞ-nin ticarət gəmilərinin kanalın istifadəsinə görə yüksək gömrük haqları ödəməməsi qənaətindədir”.

Elxan Şahinoğlu qeyd edib ki, Senatın digər üzvləri Çinin kanalda artan rolundan narahatlıqlarını bildiriblər:

“Respublikçı senatorlar deyiblər ki, Panama kanalı ABŞ üçün yalnız iqtisadi baxımdan yox, milli təhlükəsizlik nöqteyi-nəzərindən də önəmlidir. Buna görə də senatorlar ABŞ-nin dəniz strategiyasının dəyişdirilməsinin vacibliyini vurğulayıblar.

Dinləmələrdə çıxış edən ABŞ Federal Dəniz Komitəsinin sədri Luis Sola senatorların narahatlıqlarını bölüşdüyünü söyləyib: “Çin Latın Amerikası ölkələri ilə müqavilələr imzalayanda həmin sənədlərdə bir bənd kimi çinli işçilərin cəlb edilməsini qeyd edir. Bu, Panamaya da aiddir. Çinin Panamada müxtəlif layihələri var və bu projelərdə çinli işçilər çalışırlar, onlar kanal ətrafında tikanlı məftillər çəkiblər”.

Bəzi senatorlar hesab edirlər ki, Çin panamalı məmurları pulla ələ alıb.

Beləliklə, Ağ Ev sahibi Panama kanalına nəzarət uğrunda mübarizədə Senatın simasında müttəfiq qazanıb. Bu o deməkdir ki, Tramp Panama kanalının ələ keçirilməsi üçün daha ciddi tədbirlərə əl atacaq. Panama dövləti buna imkan verməsə, ABŞ-nin güc yolundan istifadə edəcəyi ssenarisi də gündəmdədir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
2
4
teleqraf.com

5Mənbələr