AZ

“Sevən xanım bəyinin diz çökməsini qəbul etməz” – Xalq artisti onları QINADI

Artıq bir neçə ildir ki, ölkəmizdə yeni ənənə, evlilik təklifi etmək dəb halına çevrilib. Həmin adətin məğzi budur ki, kişilər öz sevdiyi xanımın qarşısında diz çökərək evlənmə təklif edirlər. Bura qədər hər şey yaxşı olsa da, cəmiyyətin narazılığına səbəb olan və hər kəs tərəfindən birmənalı qarşılanmayan kiçik nüans var. O da kişinin öz sevdiyi qadının qarşısında dizini yerə atıb əyilməsidir. Bəli, bir çoxları əzəməti, gücü və davranışları ilə tarixdə iz qoyan Qafqaz kişisinə sözügedən hərəkəti yaraşdırmır. Bəs niyə?

“Yeni Sabah” həmin mövzunu Xalq artisti Nurəddin Mehdixanlı ilə müzakirə edib. Müsahibimiz məsələ barədə yaranan narazılıqlara belə aydınlıq gətirib:

“Azərbaycan tarixində oğlanın qızın qarşısında diz çöküb evlənmə təklif etməsi kimi bir adət yoxdur, olmayıb. Bu son zamanlarda dəb halını alıb. Qardaş Türkiyədə çəkilən seriallardan, filmlərdən bizimkilər də özünə nümunə götürüblər. Hesab edirəm ki, belə davranışlar formanı özündə əks etdirir. Amma əsas olan forma yox, məzmundur. Məzmun isə əsl sevgidən, qarşılıqlı hörmətdən, bağlılıqdan və etibardan ibarət olur. Bu gün diz çöküb, sabah boşanmaq üçün ərizə verirlər. Göstəriş xarakterli davranışlar münasibətlərin səmimiliyinin göstəricisi deyil. Mənə elə gəlir ki, sevən xanım öz bəyinin qarşısında diz çökməsini qəbul etməz”.

Nurəddin Mehdixanlı gənclərə süni davranışlardan uzaq qalmağı tövsiyə edib:

“Gənclərlə bizim dünyaya baxışımız fərqlidir. Fikrimcə, diz çöküb evlilik təklif etməkdənsə, əvəzində daha sədaqətli, etibarlı, sadiq olsalar yaxşıdır. Beləliklə, bir ömür əl-ələ verib, ayaqüstə, başı dik yaşayıb həyat yolunda xoşbəxt olsunlar. Əsas olan budur.

İki gənc ailə qurursa, bizə daha xoşbəxtlik arzulamaq düşər. Üzük taxma mərasimi edib-etməmələri öz seçimləridir. Belə məsələlərə qarışmaq kimi ixtiyarımız yoxdur. Kimə necə qəbuldursa, o cür də davranmalıdır. Ancaq bir məqamı da qeyd etmək lazımdır ki, göstəriş üçün edilən süni davranışlar da bir yerə qədər effektiv olur. Digər ölkələrdən cəmiyyət olaraq nümunə götürdüyümüz davranışları müqayisə etsək görərik ki, nəinki yaxşı adətləri özümüzə götürürük, əksinə süni olanlar diqqətimizi daha çox çəkir. Mən bunu yalnış hesab edirəm”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
1
2
yenisabah.az

3Mənbələr