“Suriyada yeni bir diktatorun hakimiyyətə gəlməsi real görünmür. Hazırkı vəziyyət, əsasən, Türkiyənin nəzarətindədir və proseslərin gedişatı diktatura qurmaq üçün uyğun şəraitin olmadığını göstərir. Üstəlik, Bəşər Əsəd rejiminin son dövrlərdə yaşadığı dəyişikliklər fonunda belə bir təşəbbüsün irəli sürülməsi qeyri-mümkündür”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Siyasi təhlilçi ötən gün özünü Suriyanın yeni prezidenti elan edən Əhməd əl-Şaaranın bu vəzifəyə seçkilərsiz gəlməsinin siyasi motivlərini izah edib.
E. Xalidbəyliyə görə, bu baxımdan, Suriyanın yeni dövlət başçısına yönəlmiş diktatura iddiaları daha çox siyasi manipulyasiya xarakteri daşıyır:
“Əhməd əl-Şaara özünü prezident elan edərkən əsas hədəfinin vahid unitar dövlətin bərpası olduğunu vurğulayıb. O, keçid hökuməti dövründə vahid ordu və dövlət strukturunun yenidən formalaşmasına nail olmağı planlaşdırır. Məlumdur ki, Suriyada müxtəlif silahlı qruplaşmalar mövcuddur. Onlardan bəziləri hakimiyyətdə olan qüvvələrlə birləşərək eyni mövqedən çıxış etməyə başlayıb. Lakin bu prosesə qarşı çıxanlar da az deyil. PKK və digər silahlı qruplaşmalar hökumətə qarşı müqaviməti davam etdirir. Bu vəziyyətin fonunda siyasi manipulyasiyaların ön planda olduğunu söyləmək mümkündür”.
Analitikin fikrincə, Suriyada diktatura rejimi qurmaq üçün nə siyasi, nə iqtisadi, nə də hərbi şərait mövcuddur:
“Üstəlik, diktator olmaq sadəcə hakimiyyətə gəlməklə mümkün deyil. Bunun üçün uzun illər ərzində güclənmək, hakimiyyət resurslarını tam nəzarətə götürmək və siyasi rəqibləri zərərsizləşdirmək lazımdır. Hazırda isə nə Əhməd əl-Şaaranın, nə də Suriyanın mövcud hökumətinin belə bir gücü var. Beynəlxalq arenada Suriya uğrunda ciddi mübarizə gedir. Türkiyənin Suriyada bərpa prosesinə nəzarət etməsindən narazı olan bəzi Qərb dövlətləri keçid hökumətini diktatura rejiminə keçid kimi qiymətləndirərək siyasi manipulyasiyalar aparırlar. Bu yanaşma isə reallığı əks etdirmir və daha çox Suriyaya qarşı tətbiq olunan sanksiyaların davam etməsinə xidmət edir”.
Rafi Müslümov