Gəncə şəhərində əsasən Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbənin giriş hissəsinə Milli Qəhrəman Hökumə Əliyevanın xatirə lövhəsi vurulub.
Bunu Teleqraf.com-un Qərb bürosuna H.Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.
Onun sözlərinə görə, bunun üçün icazə alıblar: “Biz əslən Kəlbəcər rayonundanıq. Rəsmi qurumlarla məsələni razılaşdırdıqdan sonra kəlbəcərlilərin sıx yaşadıqları qəsəbənin giriş hissəsində xatirə lövhəsini vurduq”.
Həmin ərazidə H.Əliyeva ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin də lövhələri var.
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.