Fevral ayında da Bakıda bir neçə maqnit qasırğası gözlənilir. Məlumata görə, ay ərzində üç kifayət qədər ciddi geofırtına proqnozlaşdırılır.
Sfera.az bildirir ki, bunlar fevralın 17, 22 və 27-si tarixlərinə təsadüf edəcək. Bu proses xüsusilə həssas insanlara təsir göstərə bilər. Fevralın ortalarında və sonlarında maqnit qasırğası riskinin yüksək olduğu bildirilir.
Bəs bu dövrdə nələr edilməlidir?
İlk tövsiyələrdən biri bol maye qəbul etməkdir. Belə ki, su və bitki çayları içmək bədənin maqnit qasırğalarından qaynaqlanan təzyiqlə mübarizəsinə kömək edə bilər. Nanə və çobanyastığı kimi sakitləşdirici təsirə malik çaylar xüsusilə faydalıdır.
Sözügedən hadisə zamanı antioksidantlarla zəngin qidalar da yemək tövsiyə edilir. Məsələn, üzüm, banan və yaşıl çay bədəndə oksidləşdirici stresin azaldılmasına kömək edə bilər. Ağır yeməklərdən uzaq durmaq, yüngül qidalanmaq daha məsləhətlidir. Həmçinin ağır fiziki işlərdən, güc tələb edən məşqlərdən uzaq durmaq vacibdir. Bunun əvəzinə, yüngül gəzintilər və ya meditasiya ilə məşğul olmaq tövsiyə olunur.
Təbiətdə vaxt keçirmək də maqnit qasırğalarının mənfi təsirlərini yüngülləşdirə bilər. Təmiz hava və yüngül fiziki aktivlik qan dövranını yaxşılaşdırır. Məlumdur ki, maqnit qasırğaları elektron cihazlara da təsir edir. Bu baxımdan mümkün qədər telefon və kompüter istifadəsinin azaldılması məqsədəuyğun hesab olunur. Bu, həm də stressi azalda bilər. Bu dövrdə yuxuya və dincəlməyə də xüsusi diqqət yetmək lazımdır. Belə ki, yaxşı yuxu bədəninizin maqnit qasırğalarının yaratdığı əlavə təzyiqi daha rahat idarə etməyə kömək edir. Ümumiyyətlə, mütəxəssislər qeyd edilər ki, xroniki xəstəlikləri olanlar və ya maqnit qasırğaları zamanı özünü narahat hiss edənlər həkimlə məsləhətləşməlidir.
Günay