AZ

Oğlu dövləti soyan alimə yeni vəzifə verildi – Narazılıq

Xəbər verdiyimiz kimi, İsa Həbibbəyli Milli Məclis yanında Toponimiya Komissiyasının sədri seçilib. 75 yaşlı deputatın sədr seçilməsi müzakirələrə səbəb olub. Belə ki, ictimaiyyət İ.Həbibbəylinin oğlu, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhhət Həbibbəyli barəsində yayılan korrupsiya xəbərindən sonra onun vəzifədə qalmasına narazılıq edir. Bundan başqa, insanlar bu yaşda olan şəxslərin rəhbər vəzifəyə təyin edilməsinin yanlış olduğunu düşünür.

Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, bu, millət vəkillərinin parlament daxilindəki fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır.

O, yaş məsələsinin önəmli olmadığını bildirib:

“İnsanların vəzifəyə təyin olunması onların yaş məsələsindən çox verimlilik məsələsi ilə ölçülməlidir. Həmin insan o vəzifədə nə qədər verimli, nə qədər faydalı ola bilər və həmin postda olarkən dövlətə, vətənə, millətə nə verə bilər? Düzü, İsa Həbibbəylinin yaşını problem etmirəm. Mənə görə İ.Həbibbəyli dedikdə, daha çox oğlunun dövlət əmlakını külli miqdarda mənimsəməsi məsələsi yada gəlir. Bu səbəbdən də belə bir insana yenidən vəzifənin verilməsi və ya hər hansı vəzifəni tutması xoş gəlmir”.

İsa Həbibbəyli və Səhhət Həbibbəyli

T.Abbaslının fikrincə, burada hər şeydən öncə mənəvi məsələ dayanmalıdır:

“Bu aspektdən dəyərləndirmək olar ki, onun mənəvi haqqı varmı vəzifədə oturmağa? Çünki yetişdirdiyi övlad dövlətə külli miqdarda ziyan vurubsa və məhkəmə işi açılıbsa, adamın da günahı sübuta yetirilibsə, məncə, bunlar nəzərə alınmalıdır. Düzdür, qanunvericiliyə uyğun olaraq hər kəs öz əməlinə görə cavabdehdir. Amma hər halda, burada mənəvi məsələ də var. O baxımdan İsa Həbibbəylinin vəzifədən gedəcəyini düşünürdüm. Yenə deyirəm, əgər insan verimlidirsə, yaş məsələsi problem olmalı deyil. Vəzifə verilərkən daha çox iki məsələ öndə durmalıdır – birincisi, həmin adamın o vəzifəyə fayda verə biləcəyi, ikincisi, onun həmin vəzifəyə mənəvi haqqının olub-olmaması”.

Xatırladaq ki, İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. O, dörd çağırış Milli Məclisin deputatı olub.

Seçilən
5
bakuinfo.net

1Mənbələr