ADA Universitetinin dizayn və memarlıq fakültəsi Azərbaycanda memarlıq, dizayn və şəhərsalma sahələrində yeni peşəkar kadrların hazırlanmasına fəal şəkildə kömək etmək niyyətindədir.
“Report” xəbər verir ki, bunu İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasiminin kuluarlarında fakültənin dekanı Silviya Ferraris jurnalistlərə bildirib.
O qeyd edib ki, Azərbaycanın sürətli inkişafı bu sahələrdə kadr potensialının inkişafını da zəruri edir.
"Bu gün iki yeni proqramın - şəhər planlaşdırması və kommunikasiya dizaynı üzrə proqramların başladılmasını elan etməkdən çox məmnunam. Azərbaycan mədəni və iqtisadi sahələrdə böyük imkanlara malik, sürətlə inkişaf edən ölkədir. Buna görə də biz, ADA-nın dizayn və memarlıq fakültəsi olaraq yeni memarların, dizaynerlərin və şəhərsalma mütəxəssislərinin hazırlanmasına kömək edəcəyik", - o bildirib.
Dekanın sözlərinə görə, şəhərsalma mütəxəssisləri gələcəkdə Bakı şəhərinin və Azərbaycanın regionlarının inkişafında əsas rol oynayacaqlar: “Kommunikasiya dizayneri şirkətlərə və müəssisələrə öz kommunikasiya strategiyalarını hazırlamağa, öz dəyərlərini və fərdiliyini inkişaf etdirməyə kömək edəcək”.