Ankara, 30 yanvar, AZƏRTAC
Türkiyə dördüncü nəsil 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin tədarükü üçün avropalı istehsalçılardan qiymət təklifi gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə axşamı, yanvarın 30-da Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, müvafiq sənədlər artıq Böyük Britaniya Müdafiə Nazirliyinə və “Eurofighter” konsorsiumuna təqdim edilib və Ankara yaxın günlərdə qiymət təklifi alacağını gözləyir.
Milli Müdafiə Nazirliyi, həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün F-16 təyyarələrinin tədarükü və təkmilləşdirilməsi məsələsində müzakirələrin texniki mərhələsində müsbət irəliləyiş olduğunu bildirib.
Eyni zamanda, Ankara beşinci nəsil KAAN təyyarəsi, “Hürjet” reaktiv təlimçi və yüngül döyüş təyyarəsi, “Kızıelma” pilotsuz hərbi təyyarəsi və ANKA-3 hücum PUA layihələri də daxil olmaqla ölkə üçün daxili müdafiə inkişaflarının prioritetliyini vurğulayır.
Bölgədəki vəziyyətlə bağlı Milli Müdafiə Nazirliyi Türkiyə hərbi heyətinin Suriyaya səfərinə diqqət çəkib.
“Səfər yanvarın 29-da baş tutub və məqsəd müdafiə sektorunda əməkdaşlıq üçün Yol Xəritəsinin formalaşdırılması olub. Digər məsələlərlə yanaşı, terrorizmlə mübarizədə birgə addımlar müzakirə edilib”, - deyə nazirlikdən bildirilib.
Milli Müdafiə Nazirliyi bildirir ki, Türkiyə hərbçiləri təkcə son bir həftədə bölgədə 57, ilin əvvəlindən isə ümumilikdə 278 terrorçunu zərərsizləşdirib, daha 3 yaraqlı isə silahları ataraq Türk Silahlı Qüvvələrinə təslim olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara