"Azərbaycanın bölgədə dayanıqlı sülh səyləri Ermənistan tərəfinin sərgilədiyi qeyri-konstruktiv mövqe nəticəsində mümkün olmur. Ermənistan tərəfi sülh adı ilə manipulyasiya edib hər vasitə ilə vaxt uzatmağa və Azərbaycana qarşı çirkin təbliğat kampaniyasını davam etdirməyə çalışır. Son bir ildə isə Ermənistan tərəfi "Sülh kəsişməsi" layihəsi adı altında bir kağız parçasını əlində bayraq edərək beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradıb sülhdən yayınır".
Bunu Ölkə.Az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, İrəvan tərəfi doğrudan da sülhdə və kommunikasiyaların açılmasında maraqlıdırsa, o zaman ilk növbədə Bakının sülhlə bağlı irəli sürdüyü təklifləri icra etməlidir. "Dayanıqlı sülhə xidmət edən addımlar atılmadan Ermənistan tərəfinin təklif etdiyi "Sülh kəsişməsi"nin cənab Prezidentin bəyan etdiyi kimi, kağız parçasından başqa bir şey deyil. Kağız parçası o zaman dəyərə minə bilər ki, İrəvan Bakının şərtlərini qəbul etsin. Çünki həmin kağız parçasında nəzərdə tutulan təkliflər Azərbaycan və Türkiyə ilə nəqliyyat və digər kommunikasiya əlaqələrinin yaradılmasını nəzərdə tutur", - o qeyd edib.
Deputat bildirib ki, bunun üçün Ermənistan tərəfi ilk olaraq 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya sənədinin 9-cu maddəsinə uyğun olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında heç bir maneə olmadan nəqliyyat əlaqəsinin yaradılmasını təmin etməlidir: "Çünki Naxçıvanla Bakı arasında birbaşa maneəsiz əlaqənin yaradılması, Ermənistan-Azərbaycan arasında nəqliyyat əlaqələrinin yaradılması anlayışından tamamilə fərqlidir. Bu Azərbaycan vətəndaşının bir ərazisindən digər anklavda olan ərazisinə maneəsiz gediş-gəlişini təmin etmək məqsədi daşıyır.
Amma təbii ki, sülh sazişi imzalandıqdan sonra iki ölkə arasında kommunikasiya xətləri açılacaq və o zaman istər Ermənistanla Azərbaycan arasında qarşılıqlı hərəkət, istərsə digər ölkələrin Ermənistana və ya Ermənistandan əks istiqamət zamanı bu yoldan istifadəsi qaydaları beynəlxalq hüququn tələblərinə uyğun olaraq tənzimlənəcək.
Ona görə də İrəvan Bakının şərtlərinə uyğun olaraq Zəngəzurdan Azərbaycanla Naxçıvanı birləşdirən maneəsiz hərəkəti təmin edən yolu açmalıdır və açacaq da. Bunun başqa yolu yoxdur. Ermənistan bu yolu açmağa məhkumdur. Qlobal və regional geosiyasi onu deməyə əsas verir ki, proseslər buna doğru gedir. Bakı bu istəyinə də nail olacaq.
Bakı ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsi olmadan isə sülh də olmayacaq. Sülh olmayacaqsa, Ermənistanın təklif etdiyi "Sülh kəsişməsi" də kağız parçası kimi arxiv sənədindən başqa bir şey olmayacaq. Çünki Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edən alternativlər mövcuddur və yeni layihələr üzərində də iş gedir.
Zəngəzur dəhlizinin Bakının şərtləri daxilində açılmamasından itirən tərəf yenə də İrəvan olacaq. Ermənistan indiyədək bölgədə reallaşan transmilli layihələrdən kənarda qaldığı kimi, Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizinin yaratdığı fürsətlərdən kənarda qalacaq. Hazırda adı çəkilən layihələr Azərbaycan Prezidenti İlham Əliyevin zamanında qlobal çağırışlara çevik reaksiya verərək həyata keçirdiyi məqsədyönlü və cəsarətli siyasəti nəticəsində Ermənistandan yan keçməklə reallaşdırılıb. Zamanında ABŞ belə Bakı-Tbilisi-Qarsa dəmir yolunun reallaşmasına imkan verməməyə çalışsa da, cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Vaşinqton bu layihənin reallaşmasına razılıq verdi. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan nəqliyyat, tranzit- yükdaşıma sahəsində qovşağa çevrilib. Ölkə başçısı nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə tamamilə doğru ifadə etdi ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək qeyri-mümkündür. Cənab Prezident həmin müşavirədə bir ifadə işlətdi ki, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Hər bir ölkənin belə bir niyyəti, istəyi ola bilər, amma bunu reallaşdırmaq heç də hamıya nəsib olmur. Belə bir imkanı isə cənab İlham Əliyev isə Azərbaycan üçün yarada bildi. Azərbaycan bunun bəhrəsini görməkdədir. Bu, həm Azərbaycanın iqtisadiyyatının inkişafına, həm əlavə investisiyaların cəlb olunmasına, həm iqtisadiyyatın digər sahələrinin inkişafına, həm beynəlxalq aləmdə nüfuzunun artmasına öz töhfəsini verməkdədir. Bu istiqamətində həyata keçirilən layihələr Azərbaycanın Avrasiya coğrafiyasında və qlobal səviyyədə ciddi söz sahibi olmasına və oyunçu rol oynamasına geniş imkanlar yaradır.
Əgər Ermənistan doğrudan da Orta Dəhlizin və ya Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından faydalanmaq istəyirsə, Bakının şərtlərini qəbul etməkdən başqa alternativi yoxdur. Bunun üçün Ermənistanın mövcud nəqliyat yollarına diqqət etmək kifayətdir. Vaxt itkisi isə İrəvanın ziyanına işləyir. Bir daha qeyd edirəm ki, onsuz da bölgədə Ermənistandan yan keçən nəqliyyat dəhlizləri mövcuddur və Azərbaycan qarşıdakı müddətdə nəqliyyat dəhlizlərinin daha da təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Yaradılan fürsətlərdən faydalana bilməyən Ermənistan isə nəticə etibarilə yenidən vassal ölkə olaraq qalacaq".
Mürtəza
Ölkə.Az