AZ

Bu il Balakəndə 47 hektar sahədə tütün əkini proqnozlaşdırılır

Bu il Balakən rayonunun təsərrüfatlarında 47 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Fermerlər cari təsərrüfat ilində əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar indiyədək 3 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam edir. Əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün artıq sadə istixanaların hazırlanmasına da başlanılıb. Yaxın günlərdə istixanalara toxum səpiləcək. Ümumilikdə, 840 kvadratmetr sahədə sadə istixanaların hazırlanması nəzərdə tutulur. Eyni zamanda, tütün əkini zamanı balakənli fermerlər “Azərtütün” ASC-yə məxsus emal məntəqəsinin istixana təsərrüfatında yetişdirilmiş tütün şitilləri ilə də təmin olunacaqlar. Tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 57,8 hektar sahədən 107,2 ton quru tütün əldə ediblər.

Seçilən
3
yeniazerbaycan.com

1Mənbələr