AZ

“Qapıçının cərimə meydançasında rahat oynamasına mane olan istənilən hərəkət qayda pozuntusudu” – tovuzluların qoluna sözardı

Misli premyer-liqasının 20-ci turun mərkəzi matçında “Turan Tovuz” “Qarabağ”ı 2:1 hesabıyla məğlub etdi.

Oyunsonrası mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov tovuzluların ilk qolunda qaydanın pozulduğunu bildirib:

“Danışırlar ki, qapıçı öz meydançasında toxunulmazdı. Oyunçuları iki əllə tutub atırlar. Bu cərimə deyilsə, bəs nədi?” 

Daha əvvəl “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da belə epizodlarla bağlı oyunsonrası mətbuat konfransında narazılığını bildirib:

“Hakimlərdən bununla bağlı tədbir görülməsini xahiş edirəm. Bloka icazə verilmirsə, bu klublara bildirilsin. Hansısa standart vəziyyətdə blok qoyulursa, bu VAR-dan cərimə zərbəsi kimi təyin olunsun. Yoxdusa, biz də blok qoyaq”.

Bəs “Futbol+”in daimi eksperti Fariz Yusifov həmin epizodu necə dəyərləndirir?

“Hörmətli komitə sədri yaxşı şərh verib. Belə hallarda cərimə meydançasında hansısa kütlə görəndə hakim künc zərbəsi yerinə yetirilməmiş futbolçuları təlimatlandırmalıdı. Bu epizodda hakim tərəfindən xəbərdarlıq görmədim. Təəssüfləndim ki, gərək xəbərdarlıq edəydi, belə sıxlıq olmayaydı. Ümumilikdə qapçının önünü kəsirlər. Qapıçı hətta rəqib futbolçunu itələyir. Qapıçının rahat olmasına imkan vermirlər. Digər futbolçu qapıçının rahat oynamasına maneə yaradır. Belə hallar olmaz axı. Baş hakim profilaktiv söhbət aparmalıydı. Blok qoymaq olmaz. Qapıçının cərimə meydançasında rahat oynamasına mane olan istənilən hərəkət qayda pozuntusudu. Bu qaydalarda göstərilib. Hakimlər oyunun sonlarında diqqətli olmalıdı. Final fitinə qədər meydanda bütün hərəkətlərə məsuliyyətlə yanaşmaq lazımdı. Mənim hakimlərə tövsiyəm budu”.

ƏSƏD SEYİDOV
Seçilən
16
football-plus.az

1Mənbələr