AZ

QHT yeni layihəsinin icrasına başladı

“Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü elan etdiyi qrant müsabiqəsi çərçivəsində 2025-ci ilin yanvar ayından etibarən Azərbaycanda sosial və maarifləndirici layihələri dəstəkləmək və inkişaf etdirmək məqsədilə “Azərbaycanda Gənclərə Yaradıcılıq Bacarıqlarının Öyrədılməsı Məqsədılə Domestıka.Org Beynəlxalq Onlayn Kurs Platformasının Tədbiqi” adlı layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, layihənin məqsədi gənclərin yaradıcı kreativ sənayelərdə müasir təhsil resurslarına çıxış imkanlarını genişləndirməkdir. Həmçinin əsas ideya Domestika.org beynəlxalq onlayn platformasını yerli səviyyədə adaptasiya etməklə oradakı materialları maraqlı və praktik olaraq faydalı oflayn qaydada peşəkar dərslərə transformasiya etməkdir. Təlim sessiyalarının Bakı şəhəri və Abşeron rayonunda keçirilməsi, eləcə də kurslara məsafədən çıxış imkanı yaratmaqla geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. Proqramın müddəti üç aydır.

Təşəbbüsü həyata keçirərkən layihə komandası yerli təhsil müəssisələri, mədəniyyət təşkilatları və yaradıcı sənayelərin aparıcı mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Yüzə yaxın insanın oflayn dərslərdə birbaşa iştirak edə biləcəyi, elektron platformadan istifadə edənlər də daxil olmaqla tələbələrin ümumi sayının iki yüz nəfəri keçəcəyi gözlənilir. Eyni zamanda, sosial həssas qrupların nümayəndələrinin, o cümlədən şəhid ailələri və uşaq evlərinin uşaqlarının proqrama cəlb edilməsinə şəraitin yaradılmasına da xüsusi diqqət yetirilir.

Layihə gənclərin qrafik dizayn, illüstrasiya, musiqi, əl işləri və s. sahələr üzrə peşəkar bacarıqlarını gücləndirmək məqsədi daşıyır. Proqramda ekspertlərlə qarşılıqlı əməkdaşlıq şəklində praktiki məşğələlər, qrup işlərindən ibarət beş əsas təlim kursu nəzərdə tutulur. Hər bir mərhələ başa çatdıqdan sonra əldə edilmiş nəticələrə nəzarət ediləcək və toplanmış məlumatlar yekun hesabata əlavə edilərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və digər maraqlı tərəflərə təqdim ediləcəkdir.

Bu təşəbbüsün yaradıcı sənayelərdə gənclərin potensialını gücləndirmək üçün yeni imkanlar açacağı və ixtisaslı təlimçilər və mütəxəssislərin davamlı şəbəkəsinin formalaşmasına töhfə verəcəyi gözlənilir. Uzunmüddətli perspektivdə bu təlim formatının daha da inkişafına imkan verəcək və yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə səbəb olacaqdır. “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi uzun illərdir ki, gənclərin bacarıqlarının artırılmasına yönəlmiş sosial və maarifləndirici təşəbbüslər həyata keçirir. Ictimai Birliyin zəngin təcrübəsi onlayn öyrənmənin üstünlüklərini canlı ustad dərsləri və ekspert məsləhətləri ilə birləşdirən innovativ yanaşmanın uğurla həyata keçirilməsinə töhfə verəcək.

Bu layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi proqramı çərçivəsində həyata keçirilir və gənclərin yaradıcılıq potensialının inkişafı üçün yüksək keyfiyyətli imkanların yaradılmasına, o cümlədən mədəniyyət sahəsinin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönlənib.

Seçilən
10
qht.az

1Mənbələr