Astana, 30 yanvar, AZƏRTAC
2024-cü ilin doqquz ayının yekun nəticələrinə əsasən Qazaxıstana birbaşa xarici sərmayə axını 30 dəfədən çox azalaraq 2.3 milyard dollardan 72.9 milyon dollara düşüb. Bu göstərici Milli Bankın statistikasında qeyd olunub.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, “Kazakh İnvest” milli şirkəti bu göstəricinin müvəqqəti xarakter daşıdığını bildirib.
Əsas səbəb kimi yeni sərmayə gəlirlərinin 93.4 faiz (6.4 milyard ABŞ dolları) azalması göstərilir. Bu, ya müəssisələrin gəlirlərinin azalması, ya da xarici səhmdarlara ödənilən dividentlərin həcminin artması ilə əlaqədardır.
Azalmaya baxmayaraq, 2024-cü ilin üç rübü ərzində birbaşa xarici investisiyaların ümumi axını 12.7 milyard dollar təşkil edib. Əsas azalma əvvəllər sərmayələrin başlıca hissəsini təmin edən Tengizdəki böyük neft-qaz layihəsinin başa çatması ilə izah olunur.
Layihə başa çatandan sonra Qazaxıstan ildə 2.8 milyard dollar vergi gəlirləri əldə edəcək. Birbaşa xarici investisiyaların azalmasını kompensasiya etmək üçün Qazaxıstan fəal şəkildə yeni sərmayəçilər cəlb edir. 2024-cü ildə ölkə investisiyaların 63 faizini Şimali və Mərkəzi Asiya regionunda yeni layihələrə cəlb edib, bu layihələrə qoyulan ümumi sərmayə həcmi isə 15.7 milyard dollara çatıb.
“Qazaxıstan xarici investorlar üçün cəlbedici istiqamət olaraq qalır. Bu da ölkəni Şimali və Mərkəzi Asiya regionunda yeni layihələrə qoyulan investisiya həcminə görə lider edir”, - deyə məlumatda qeyd olunur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana