AZ

29 milyon manat tək Nehrəm qəsəbəsinə?- Bəs 11 mindən çox əhalisi olan Cəhri qəsəbəsi?..

Image

Vahid Məhərrəmov: "Yay aylarında Cəhri qəsəbəsində su çatışmazlığı pik həddə çatır, əhalinin becərdiyi məsullar susuzluqdan yanır"

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbənin torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi işləri həyata keçiriləcək.

Su Meliorasiya Xidməti qeyd olunan işlərin icrasını “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 28,7 milyon manat ödənilib. MMC 14 il əvvəl.yaransa da ölkədə kifayət qədər dövlət layihələri icra edib.

2023-cü ilin iyun ayında “MİDA” MMC  Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində 23, 24, 25, 26, 27, 28 VƏ 29 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi tenderinə yekun vurub. Qalib Hovers Group MMC olub. Şirkətlə dəyəri 13 490 812 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Naxçıvan Muxtar Respublikasi Dövlət Su Ehtiyatlari Agentliyi tərəfindən 2024-cü ilin sentyabr ayında “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”nın satınalınması ilə əlaqədar elan edilmiş açıq tender prosedurunda  də “Hovers Group” MMC qalib elan olunmuş və MMC ilə 12.430.027 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanıb.

MMC son 5 ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə ümumi dəyəri 7 653 800 manat olan 3 satınalma müaviləsi, “MİDA” MMC ilə ümumi dəyəri 41 626 681 manat olan 3 satınalma müaviləsi bağlayıb.

Dövlət Vergi Xidmətinin reyestrində edilmiş dəyişiklikdə isə “Hovers Group” MMC-nin BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AZADLIQ PR., ev 114, mənzil 76 ünvanında Səbuhi Knyaz oğlu Mehdizadə tərəfindən təsis edildiyi göstərilir. O, 2015-ci ilin fevralına qədər MMC-nin qanuni təmsilçisi olub. Ondan sonra MMC-yə müxttəlif vaxtlarda Hümbətov Cəmşid Ellər oğlu, Rəhimov Şəhriyar Kamal oğlu qanuni təmsilçilik edib.

“Hovers Group” MMC-nin təsisçisi Səbuhi Knyaz oğlu Mehdizadə Prezident İlham Əliyevin 15 iyul 2024-cü il tarixli sərəncamı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin müavini vəzifəsinə təyin olunub.

Mediada yer alan məlumatlara görə sözügedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub. Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb. O, buna qədər kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, həm də Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.

Göründüyü kimi Səbuhi Mehdizadə bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb. Təsisçisi olduğu “Hovers Group” MMC isə işlədiyi qurumlardan son beş ildə 70 milyon manata yaxın dövlət sifarişi alıb.

MMC-nin rəsmi veb saytında qeyd olunan məlumatlara görə HOVERS GROUP MMC 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilmişdir. Gənc və sürətlə inkişaf edən şirkət bərpa və tikinti, eləcə də dizayn layihələri xidmətlərinin həyata keçirilməsi ilə məşğul olur. Bir çox müxtəlif miqyaslı və mürəkkəb layihələrin arxasında Hovers Group adı vardır. Tikinti və bərpa işləri müasir tikinti texnologiyalarından və avadanlıqlarından istifadə edən yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. 

Şirkət həmçinin Bakıda, Hovers Beton zavodunda hər növ markalı beton istehsalını, "Metal" zavodunda isə istənilən formalı metal tir istehsalını həyata keçirir və bu tikinti materiallarının lazımi istiqamətlərə çatdırılmasını təmin edir.

Qeyd edək ki, Nehrəm qəsəbəsində müvafiq işlərin icrasını yerinə yetirəcək “Hovers Group” MMC nizamnamə kapitalı 345 720 manat teşkil edir. MMC-nin qanuni təmsilçisi isə hazırda Zeynalov İlqar Adgözəl oğludur.

Cəhri qəsəbəsi nədən bu layihədən kənarda qalır? 

Maraqlıdır, Babək rayonunun suvarma suyunun çatışmazlığından əziyyət çəkən digər ən böyük qəsəbəsi Cəhridir. Layihədən göründüyü kimi Nehrəmi qəsəbəsini suvarma suyu ilə təmin edəcək suvarma sisteminin digər yaşayış məntəqələrinə su ötürməsi nəzərdə tutulmayıb. Nehrəmlə Cəhri qəsəbəsinin arasında kifayət qədər məsafə var. Nehrəm İranla sərhəddə, Cəhri Ermənistanla sərhəddə yerləşir. Elə isə Nehram qəsəbəsindən heç də kiçik yaşayış məntəqəsi olmayan, suvarma suyunun çatışmazlığından əziyyət çəkən Cəhri kəndinin su təminatı necə olacaq?

Kənd təsərrüfatı üzprə ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı baki-xeber.com saytına açıqlamasında bildirdi ki, hər halda layihə Nehrəm qəsəbəsinin suvarma suyu ilə təmin edilməsi üçün icra ediləcək: "Ona görə də bütün məsrəflər bu çərçivədə ayrılıb. Əgər layihə bütün Babək rayonunu əhatə etsəydi, bu halda isə Cəhri qəsəbəsi kənarda qalsaydı, onda düşünmək olardı ki, Cəhri qəsəbəsinə qarşı ayrı-seçkilik olunub. Görünür, Nehram qəsəbəsinin əhalisi daha aktivdir, səslərini çıxardırlar, şikayətlər göndərirlər, ona görə də rəhbərlik bunu nəzərə alaraq, sözügedən layihənin icrasına qərar verib. Belə bir atalar misalı var: "Ağlamayana pəpə yoxdur". Cəhri qəsəbəsinin su problemindən xəbərimiz var. Yay aylarında Cəhri qəsəbəsində su çatışmazlığı pik həddə çatır, əhalinin becərdiyi məsul susuzluqdan məhv olur. Bu səbəbdən də Cəhri kəndinin əkinəyararlı torpaqlarının bir hissəsi becərilmir.

Fikrimizcə, Cəhri sakinləri də bir qədər aktivleşməli, səsini çıxarmalıdırlar  ki, eşidilsinlər və onlar da su ilə təmin edilən proqramlarda   yer ala bilsinlər".

Akif NƏSİRLİ





Seçilən
1
baki-xeber.com

1Mənbələr