AZ

Ekspertə 4 il iş verildi

"İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert, kibertəhlükəsizlik sahəsində azsaylı peşəkar mütəxəssislərdən olan İlqar Əliyev 4 il azadlıqdan məhrum edilib”.

Bunu İKT üzrə mütəxəssis Osman Gündüz öz sosial şəbəkə hesabında yazıb.

"Uzun müddət İKT sektorunda peşəkar birisi olaraq tanıdığım şəxslə, İlqar Əliyevlə bağlı son bir ildə baş verənləri izləməyə çalışırdım. İstintaq altında idi. Həmişə dostlardan, yaxınlarından onun haqqında soruşurdum. Xahiş edirdilər ki, məhkəməsi başa çatanadək  ictimailəşdirməyək. Bir neçə gün öncə məhkəməsi başa çatıb və bildiyim qədər, o, qanunsuz narkotik maddə daşıması ittihamı ilə 4 il azadlıqdan məhrum edilib. Özü isə bunları böhtan olaraq dəyərləndirib və baş verənlərlə bağlı dövlət başçısına müraciət edib”, - O. Gündüz bildirib.

"Qafqazinfo”nun yaydığı məlumata görə, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də "İnformasiya texnologiyaları” departamentinin müdiri, banklardan birində müşavir işləmiş İlqar Əliyev külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb.

Məhkəmə araşdırma sonrası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq üçün əldə etməyib. 

Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edilib.

İKT eksperti məhkəmədə özünü təqsirli bilməyib. 

Qeyd edib ki, idman zalından çıxıb evə gedərkən saxlanılıb.

Hökmə əsasən, İ.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunub ki, ekspert 2023-cü ilin dekabrında saxlanılıb.
Seçilən
2
arqument.az

1Mənbələr