Məhkəmə jurnalisti ev dustaqlığına buraxmayıb
Bakı Apelyasiya Məhkəməsi "Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın ev dustaqlığı ilə bağlı şikayətini yanvarın 30-da keçirilən prosesdə təmin etməyib.
Bu barədə vəkil Cavad Cavadov Meydan TV-yə danışıb.
O bildirib ki, Aytac Tapdığın həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.
Jurnalist özü də məhkəmə prosesində iştirak edib və ittihamı rədd edib.
10 ildən artıq Meydan TV-də çalışdığını deyən Aytac Tapdıq həbsinin səbəbi kimi jurnalist fəaliyyətini göstərib.
"Mən jurnalistəm və 10 ildən artıqdır ki, Meydan TV-də çalışıram. Mən qaçaqmalçı deyiləm, qaçaqmalçı bu dövlətin başında duranlardır”, – jurnalist belə deyib.
İstintaq orqanı jurnalistin ev dustaqlığına buraxılmasına etiraz edib. Bunun onunla əsaslandırıb ki, jurnalist istintaqdan yayına bilər.
Məhkəmə istintaq orqanının etirazını müdafiə edib və jurnalistin şikayətini təmin etməyib.
Müdafiə tərəfi isə bildirib ki, bu, Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulmasıdır və jurnalistin həbsi Avropa İnsan Hüquqları Məhkəməsində mübahisələndiriləcək.
"Meydan TV işi…”
2024-cü il dekabrın 6-da Meydan TV-nin jurnalistləri polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Dekabrın 8-də jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Meydan TV və saxlanılan jurnalistlər ittihamları rədd ediblər.
Onlar məhz jurnalist fəaliyyətinə görə həbs olunduqlarını, peşə fəaliyyətlərilə bağlı təzyiqlə üzləşdiklərini deyiblər.
Meydan TV Azərbaycan hakimiyyətinin qanunsuzluqlarını, korrupsiya faktlarını işıqlandıran müstəqil media orqanıdır.
Bu səbəbdən həm ölkədəki insan hüquqları fəalları, həm də beynəlxalq təşkilatlar bu repressiyaların Azərbaycan hakimiyyətinin sifarişi ilə həyata keçirildiyini bəyan ediblər.