AZ

AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH

Əhməd Şahidov: "Növbəti 12 aylıq müddətə Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin dondurulacağı deyilir"

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayıb. Teodor Russopulos yenidən AŞPA-nın prezidenti vəzifəsinə seçilib. Erməni Arusyak Julhakyan isə qurumun vitse-prezidenti vəzifəsinə təsdiqlənib. AŞPA-nın qış sessiyasında Gürcüstan və Azərbaycan əleyhinə qətnamə qəbul olunub.

 Sessiya boyunca, müzakirə olunması gözlənilən məsələlər arasında bir il əvvəl səs hüququndan məhrum edilən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin aqibəti məsələsi də var. Məlumdur ki, qurum ötən il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. 

Qərar dörd əsas səbəbə əsaslanaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması şəklində qəbul edilib. Sənədin 76 deputat lehinə, 10 deputat əleyhinə səs verib, 4 deputat bitərəf qalıb. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər. Ancaq Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri Ksavye Bettel deyib ki, AŞPA dialoq üçün platforma olaraq qalmalıdır: "Ümid edirik ki, Assambleya və Azərbaycan parlament nümayəndə heyətləri tezliklə əlaqələrin bərpası üçün ümumi dil tapacaqlar". Macarıstandan olan deputat Nemeth Zsolt da deyib ki, Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi. Deputat bildirib ki, üzv dövlətləri itirmək qurumun maraqlarına cavab vermir: “AŞPA apardığı siyasətə yenidən baxmalıdır. Bundan əvvəl də Azərbaycanın nümayəndə heyəti qurumdan uzaqlaşdırıldı. Bu, yanlış verilmiş bir qərar idi. Biz üzv dövlətləri itirmək əvəzinə, onlarla danışıqları davam etdirməliyik”. 

Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov "Şərq"ə deyib ki, AŞPA-nın qış sessiyasında  2025-ci ilə dair dinləmələr keçirildi və üzv dövlətlərdə insan haqları, demokratiya məsələsi ilə bağlı monitorinq komitəsinin hesabatı təqdim olundu. Ekspertin sözlərinə görə, xüsusən Azərbaycan və Gürcüstan bu hesabatda sərt şəkildə tənqid edildi: 

"Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri qəbul olunmur. Azərbaycanla bağlı da tənqidi məqamlar vurğulanıb. Ələlxüsus diqqətçəkən məqam odur ki, hazırda Bakıda məhkəmələri davam edən erməni separatçıları "siyasi məhbus", "vicdan məhbusu" kimi təqdim edirlər. Hətta onların dərhal qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı Avropa Şurası Parlament Assambleyası 2500 saylı qətnamə qəbul edib. Bunu fürsət bilən erməni deputatlar bir neçə gündür ki, öz çıxışlarında Azərbaycana qarşı sərsəm fikirlər səsləndirirlər, dezinformasiyalar yayırlar. Xüsusən, Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesində Bakının "hərbi ritorika"dan çıxış etdiyini və son günlər şərti sərhədlərdə baş verənləri "Azərbaycanın hərbi əməliyyatlara hazırlıq görməsi" kimi təqdim etməyə çalışırlar". 
Hüquq müdafiəçisi vurğulayıb ki, Fransa, Almaniya və Ermənistandan olan deputatlar xristian həmrəyliyi məsələsini qabardır, Cənubi Qafqazda Ermənistana daha çox dəstək verilməsinə çağırış edirlər: "Həm islamafobiya, həm də türkəfobiya sərgiləyir, türkçülük üzərindən Türkiyəni və Azərbaycanı hədəf alırlar. Erməni deputatlar öz çıxışlarında Bakıya təzyiqin artırılması və gələcək perspektivdə ümumiyyətlə Avropa Şurasından çıxarılmasını tələb etdilər. Azərbaycanda keçirilmiş Parlament seçkilərindən 6 ay keçmədiyindən hələlik yeni seçilmiş deputatların AŞPA-dakı nümayəndə heyəti təsdiq olunmayıb. Fevralın sonu Azərbaycan tərəfi yeni heyətin üzvlərini təqdim edəcək. Apreldə AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin akkreditasiyasının qəbul edilib-edilməyəcəyi bəlli olacaq. Ancaq növbəti 12 aylıq müddətə Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin dondurulacağı deyilir. Çünki Fransa Avropa institutlarında, AŞPA-da bütün imkanlarını səfərbər edir ki, Azərbaycan ümumiyyətlə bu qurumun fəaliyyətindən kənarda qalsın. Məqsəd orada anti-Azərbaycan cəbhəsinin daha da genişlənməsinə nail olmaqdır".      

Seçilən
1
49
sherg.az

10Mənbələr