AZ

Türkiyə hərbi sənaye ölkəsinə çevrilir

Ankara ilə Ər-Riyad arasında 6 milyardlıq müqavilə imzalanacaq

Yaxın Şərqdə geostrateji və geoiqtisadi güc mərkəzinə çevrilən, o cümlədən hərbi-təhlükəsizlik baxımından təsir imkanlarını artıran Türkiyə region ölkələrinin silah bazarında öz mövqeyini daha da möhkəmləndirmək üzrədir - Türkiyənin müasir hərbi sənayesinə ehtiyac artıb. İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, BƏƏ və Oman Türkiyənin beşinci nəsil hərbi sənayesinə maraq göstərir - qardaş ölkədən çağdaş dünyanın tələbərinə cavab verən hərbi-texnika və müxtəlif növlü silah-sursat almaq  niyyətlərini irəli sürürlər.

Yeri gəlmişkən, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında 6 milyard dollar dəyərində hərbi sazişin imzalanması gözlənilir - bu sazişə əsasən, Ər-Riyad Türkiyədən döyüş gəmiləri, tanklar və ballistik raketlər almağı planlaşdırır. Eyni zamanda hər iki ölkə arasında “KAAN” qırıcı təyyarəsinin birgə istehsalı ilə bağlı müzakirələr aparılır. Türkiyə mətbuatının məlumatına görə, bu saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mart ayında Ər-Riyada rəsmi səfəri zamanı imzalana bilər.

Qeyd edək ki, 2023- cü ildə Səudiyyə Ərəbistanı Türkiyədən müasir dronlar almaq üçün “Bayraktar” şirkəti ilə müqavilə imzalayıb - bundan sonra Ər-Riyad  Türkiyənin “Altay” tanklarına və ballistik raketlərinə maraq  göstərməyə başlayıb. Əgər belə bir əhəmiyyətli saziş imzalanarsa, bu, hər iki ölkənin hərbi-müdafiə sahəsində münasibətlərini daha da möhkəmləndirəcək - birgə silah istehsalı istiqamətində addımlar atıla bilər. 

Vurğulayaq ki, Türkiyənin digər Körfəz ölkələri ilə də hərbi-müdafiə sahəsində münasibətləri inkişaf edir - silah ixracında Qətər 20 faiz, BƏƏ 17 faiz, Oman isə 13 faiz paya malikdir. Rəsmi məlumatlara görə, son iki il ərzində Türkiyə Qətər donanmasını intensiv və əhatəli hücum qabiliyyətinə malik olan xüsusi qayıqlarla,  BƏƏ və Kuveyti Bayraktar PUA-ları və Omanın Kral donanmasını yeni hərbi avadanlıqlarla təmin edib. 

İraq da Türkiyə ilə bu sahədə münasibətləri şaxələndirir  - 2024-cü ilin avqustun 15-də Türkiyə və İraqın müdafiə nazirləri arasında hərbi-müdafiə, təhlükəsizlik və terrorizmə qarşı birgə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək üçün memorandum imzalanıb.  Türkiyə-İraq Yüksək Təhlükəsizlik Şurasının birgə iclasında İraq tərəfi Türkiyədən müasir silahlar almaqda maraqlı olduğunu bildirib.

Türkiyənin Pakistan və Azərbaycan ilə də hərbi-müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı təqdirəlayiqdir. Xüsusilə vurğulayaq ki, bu ilin fevralında İslamabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şəhbaz Şərifin sədrliyi ilə Türkiyə-Pakistan Strateji Əməkdaşlıq Şurasının növbəti görüşü keçiriləcək - bu görüşdə ikitərəfli strateji müdafiə sazişi imzalanacaq.  Sözügedən saziş  iki ölkə arasında  hərbi-müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da yüksək səviyyə çatdırmaq məqsədi daşıyır.

Bundan başqa, Türkiyə və Pakistan “KAAN” qırıcı təyyarəsinin birgə istehsalı üçün ortaq müəssisə qurmaq istiqamətində də danışıqlar aparırlar.

Azərbaycan da Türkiyə ilə birgə silah istehsal etmək məsələsini aktuallaşdırır -Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əsasını qoyan Şuşa bəyannaməsinə əsasən, hər iki qardaş ölkə arasında hərbi əməkdaşlıq  daha da genişlənib, bir çox sahələr üzrə qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələr həyata keçirilir.

Politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında qeyd edib ki, Yaxın Şərq və Afrika ölkələri, həmçinin Azərbaycan və Pakistanla hərbi-müdafiə əməkdaşlığı fonunda Türkiyənin beynəlxalq səviyyədə xüsusi hərbi potensialı olan bir ölkəyə çevrilməsi danılmaz faktdır. “Əvvəla nəzərə almaq lazımdır ki, Türkiyənin hərbi sənaye potensialı yüksək səviyyədə təqdirolunan səviyyəyə çatıb. 44 günlük Vətən müharibəsində Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının əhəmiyyəti önə çıxdıqdan sonra onlara maraq daha da artıb,” - deyən T.İsmayılov bildirib ki, Türkiyənin hərbi sənayesi ərəb ölkələrinin də diqqətini çəkib: “Türkiyə ilə Səudiyyə Ərəbistan arasında imzalanmsı gözlənilən 6 milyard dollarlıq saziş hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı geniş kapitala və investisya imkanlarına malik olan bir ölkədir. Belə bir ölkənin Türkiyənin hərbi sənaye məhsullarını alması Türkiyənin hərbi sənayesinin daha da inkişafına yol açacaq, həmçinin ərəb coğrafiyasında və bu coğrafiyaya yaxın bölgələrdə Türkiyənin hərbi məhsullarına ehtiyac artacaq”. 

T.İsmayilov bildirib ki, Türkiyənin uğurları yalnız pilotsuz uçuş aparatları ilə məhdudlaşmır, həmçinin ağır hərbi texnikaların və ballistik raketlərin istehsalı üzərində ciddi işlər gedir. Son zamanlar Türkiyə ordusunun bölgədə terrorçulara qarşı uğurlu hərbi əməliyatlarında milli silahlar çox mühüm rol oynayıb. Politoloqun sözlərinə görə, Türkiyənin Pakistan və Azərbaycanla hərbi-müdafiə sahəsində əməkdaşlığı bir nömrəli səviyyəyə çatıb: “Bu gün Türkiyənin bir nömrəli müttəfiq olan Azərbaycan və Pakistanla hərbi sənaye sahəsində əməkdaşlığın genişlənməsi, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə bu istiqamətdə münasibətlərin möhkəmlənməsi Türkiyənin qlobal dünyada daha güclü hərbi sənaye ölkəsinə çevirəcək”. 

Yunis ABDULLAYEV

Seçilən
1
yeniazerbaycan.com

1Mənbələr