Azərbaycanda ailə həkimi vəzifə olaraq mövcud olsa da, daha çox formal xarakter daşıyır. Ailə həkimi uşaqların və böyüklərin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan həkimdir.
Mövcud qaydalara əsasən, hər bir şəxs səhhətində yaranmış problemlə əlaqədar ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimləri müalicə təyin edə, tibbi göstəriş əsasında laborator və instrumental müayinələrə, ehtiyac olduqda isə ixtisas həkiminə göndəriş verə bilərlər. Ancaq necə deyərlər, adı var, özü yox...
Ötən gün parlamentdə səhiyyə ilə bağlı müzakirələr zamanı da ailə həkimləri ilə bağlı fikirlər səsləndirilib. Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova bildirib ki, ailə həkimi ilə bağlı da ciddi problemlər var: “Məsələn bu proqram üzrə rezidenturaya 30 nəfər qəbul olub, amma cəmi 5 nəfər bitirib. Həmin say ailə həkiminə tələbatı ödəmir. Ona görə bu məsələ ilə bağlı yeni layihə hazırlanır”.
İctimai dinləmə zamanı məlumat verilib ki, bu il iyul ayından "Ailə həkimi" informasiya sisteminin tətbiqi nəzərdə tutulur.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, ailə həkimi institutunun formalaşması müstəqillik dövrümüzdə son 10 ilə təsadüf edən müzakirələr və ondan sonra real addımlar atılması mərhələsi kimi qiymətləndirilə bilər.
"Sovet sistemində bu səhiyyə modelində ilkin səhiyyə xidməti poliklinik formada həyata keçirilirdi. Poliklinikada ilkin səhiyyənin birinci pilləsində pediatrlar uşaq poliklinikalarında, terapevtlər şəhər poliklinikalarında, ginekoloqlar qadın səhiyyə xidmətlərində aparıcı mövqeyə malik tibb işçiləri kimi fəaliyyət göstərirdilər. Kəndlərdə və rayonlarda bununla yanaşı tibb məntəqələri olurdu. Bu da ilkin səhiyyə xidmətinin özünəməxsus bir tətbiqi idi. Amma hazırda ailə sağlamlıq mərkəzləri ilkin səhiyyə xidmətinin modelidir. Bu mərkəzlərdə pediatrlar, terapevtlər və ginekoloqlar ailə həkimi olmasalar da ailə həkimi funksiyasını icra edirlər. Hazırda səhiyyə sistemində tibb universitetlərində ailə həkimi ixtisası vardır, amma Səhiyyə Nazirliyinin rəsmisi Şərafət İsmayılovanın qeyd etdiyi kimi bu proqramı bir neçə il ərzində cəmi 5 nəfər tamamlayıb. Bu da institutun formalaşması üçün kiçik və müqayisə olunmaz rəqəmdir.
Hazırda ilkin səhiyyə xidmətinin yenidən qurulması, ixtisas hakimlərinin prosesə cəlb olunması, orta tibb personalından faydalı istifadə istiqamətində pilot layihənin həyata keçirilməsi prosesləri izləniləcək. Ona müvafiq şəkildə rəylərimizi bildirəcək və təkliflərimizi irəli sürəcəyik. Amma hazırda biz bu prosesdə yeni addımların atılmasına şahid olmuruq".
Professor Adil Qeybulla isə bildirib ki, ailə institutu müasir təbabətin mühüm hissəsi sayılır:
“Bütün Qərb təbabəti dedikdə, biz onu ailə institutu olmadan təsəvvür edə bilmərik. Azərbaycanda da məhz SSRİ dağıldıqdan, sonra müəyyən islahatlar aparılır. İcbari Tibbi Sığortanın tətbiqi buna sübutdur. Ailə həkimi institutun da artıq yavaş-yavaş əsası qoyulur”.
A.Qeybulla qeyd edib ki, Azərbaycan Tibb Universitetində bu istiqamətdə kadrlar hazırlanır: “Həmin kadrlar gələcəkdə ailə həkimi institutunu yaradacaqlar. Sovet dövründə bunun analoqu sahə həkimləri idi. İndi sahə həkimləri özünü müasir təbabətdə doğrultmur. Ailə həkimləri daha praktikdir və onlar sahəsində olduğu insanların xəstəlik tarixçəsini dəqiq bildiyindən vaxtında adekvat tibbi xidmət almalarına daha çox yararlı olurlar. Ona görə də bu yaxın dövrün perspektividir. Bu istiqamətdə nəzəri işlər görülür, kadrlar hazırlanır”.