Bakı, 31 yanvar, AZƏRTAC
Fransanın Azərbaycanla diplomatik münasibətləri 1992-ci ildə qurulub, müxtəlif sənədlərlə inkişaf etdirilib. Lakin Fransanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti birmənalı olmayıb, obyektivlik nümayiş etdirilməyib. Tarixə nəzər salsaq görərik ki, Ermənistanla Fransa arasında əlaqələr hər zaman yaxşı olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin professoru Məmmədağa Baxışov "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.
O bildirib ki, guya terrorizmə qarşı mübarizə apardığını göstərən Fransa, əslində, müxtəlif dövrlərdə terrorçuları himayə edib. Həmçinin Fransa bilirdi ki, terror Ermənistanda dövlət səviyyəsində həyata keçirilir.
Professor vurğulayıb ki, Azərbaycan torpaqları işğal edilən zaman bir milyondan çox məcburi köçkün düşən azərbaycanlılara Fransa heç bir dəstək göstərməyib.
“1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı törədiləndə Fransa bu məsələyə susqunluqla yanaşdı. Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin biri olan Fransa 28 illik fəaliyyəti dövründə heç bir səmərəli iş görmədi. Hətta onun bütün təklifləri Ermənistanın xeyrinə və öz mənafeyinə xidmət edirdi. Ona görə də Fransa bu münaqişədən Azərbaycanın işlərinə qarışmaq üçün istifadə edirdi. Bu gün Avropa İttifaqının “müşahidəçi missiyası” dediklərimizin sübutudur. Bu missiya Fransanın Cənubi Qafqazda nüfuz qazanmasına və məqsədlərinə çatmasına xidmət edir", - M.Baxışov bildirib.