AZ

Ermənistan- Gürcüstan bağları: dünən, bu gün, sabah... - II YAZI

(II bölüm)

Gürcüstanı erməni təcavüzündən qurtaran QARABAĞ...

Əgər Ermənistanın hərbi, iqtisadi və diplomatik potensialı yetərli olsaydı, o, Gürcüstanı da, eynən Azərbaycan kimi, problemlə üz-üzə qoymağa çalışacaqdı. Lakin bu, bir neçə əsas faktorun Ermənistanın strateji hesablamalarına təsir etməsi ilə mümkün olmadı:

Birinci faktor,

iki cəbhədə dözümlülük imkanının olmamasıydı.

Ermənistan onsuz da Qarabağ məsələsində ciddi resurs itkisi və uzunmüddətli qarşıdurma içindəydi. Gürcüstana qarşı ikinci cəbhənin açılması:

- Hərbi baxımdan qeyri-realist idi, çünki Ermənistan ordusu həm Azərbaycanın, həm də Gürcüstanın güclü müttəfiqləri ilə üz-üzə qalacaqdı.

- Diplomatik təcrid riskini artırardı, çünki bu cür addım beynəlxalq ictimaiyyət tərəfindən daha sərt təzyiqlərə səbəb ola bilərdi.

İkinci faktor,

himayədar güclərin mövqeyi idi.

Ermənistanın əsas beynəlxalq dəstəkçilərinin mövqeyi, Gürcüstana qarşı belə bir addımın qarşısını aldı:

- ABŞ və Fransa:

Gürcüstan Batı üçün strateji müttəfiq idi və Ermənistanın belə bir təxribatı bu ölkələrin dəstəyini itirməsinə səbəb olardı. Gürcüstanın NATO-ya yaxınlaşması və Avropa Birliyi ilə (ən azı ötən ilədək davam edən) işbirliyi, onu Batının Güney Qafqazdakı dayaq nöqtəsinə çevirmişdi.

- Rusiya:

Rusiya Gürcüstanla müəyyən problemlərinə baxmayaraq, bölgədə tamamilə Ermənistanın çıxarlarına uyğun bir ssenarini dəstəkləməyib. Rusiya daha çox “tarazlığı qorumaq” və lazım gəldikdə hər iki tərəfi nəzarətdə saxlamaq mövqeyi sərgiləyib.

- İran:

İran isə Ermənistan və Gürcüstan arasında dəngəli münasibətləri saxlamağa çalışaraq, açıq şəkildə tərəf tutmamaq siyasəti yürüdür.

Üçüncü faktor,

bölgəsəl geosiyasi ortam idi.

Ermənistanın Gürcüstanda problem yaratmaq istəməsi, özəlliklə, Cavaxetiya bölgəsində etnik ermənilər üzərindən bir separatizm təşviq etməsi, bölgəsəl aktorlar üçün ciddi bir təhlükə olardı:

- Azərbaycan Gürcüstanla sıx strateji bağlara malikdir və belə bir ssenariyə qarşı Gürcüstanı hərtərəfli dəstəkləyərdi.

- Türkiyə Gürcüstanın ərazi bütövlüyünə qarşı hər hansı addıma sərt cavab verərdi; çünki Türkiyə-Gürcüstan münasibətləri strateji önəm daşıyır.

Dördüncü faktor,

Samtsxe-Cavaxetiya bölgəsinin gerçəklikləri ilə bağlıdır.

Cavaxetiyada yaşayan erməni icmasının Ermənistan tərəfindən manipulyasiya olunması riskinə baxmayaraq:

-Gürcüstanın iç siyasəti bu bölgədə dövlət nəzarətini qoruyur.

-Bölgədəki erməni əhalisinin heç də hamısı separatizm ideyasına isti yanaşmır, çünki onlar Gürcüstanın iqtisadi və sosial sabitliyindən gen-bol yararlanır.

Beləliklə,

Ermənistanın imkanları geniş olsaydı, Gürcüstana qarşı təxribat və ya separatizm təşviqi ehtimalı artardı. Lakin Ermənistanın məhdud hərbi, iqtisadi və diplomatik resursları, himayədar güclərin mövqeyi və bölgəsəl geosiyasi dəngə, onu belə bir addımdan çəkindirdi. Bununla belə, Ermənistanın tarixən qonşularına qarşı irəli sürdüyü iddialar və separatizm strategiyaları, gələcəkdə də diqqətli yanaşma tələb edir. Ən azı, Abxaziya savaşında erməni hərbi bölmələrinin gürcülərə qarşı “İkinci Xocalı” qəddarlığı törətdiyi gürcülərə də, mövzuya biganə qalmayan hər kəsə də bəsbəllidir.

XX yüzilin 80-ci illərində keçmiş SSRİ-nin hər yerində olduğu kimi, Abxaziyada da fəaliyyət göstərən erməni terror-siyasi qurumlarının məkrli çalışmaları üzə çıxıb. O dönəmdə Abxaziya ermənilərini koordinasiya etmək üçün əsas iki qurum – “Krunk” (Suxumi) və “Maştots” (Qaqra) yaradılmışdı. Hər iki adıyaman qurum rəsmi İrəvan, kilsə (Eçimədzin) və “Daşnaksütyun” tərəfindən dəstək görürdü.

Stalin-Mikoyan tandemi və maraqların tarazlaşdırılması modeli

Stalin-Mikoyan tandemi, Sovet İttifaqı dönəmində Ermənistanın və Gürcüstanın çıxarlarının müəyyən mənada tarazlaşdırılması üçün bir vasitə rolunu oynadı. Bu tandem, özəlliklə Güney Qafqazda Sovet siyasətinin formalaşdırılmasında əsaslı təsirə malik idi. Bununla belə, Sovet İttifaqının dağılması ilə bu model artıq tarixi önəmini itirib və yerini yeni geosiyasi gerçəkliklərə buraxıb. Gürcüstanın çağdaş dönəmdə Türkiyə və Azərbaycanla sıx bağlar qurması, bölgədə yeni bir strateji xəttin meydana çıxmasına səbəb olub.

Aydındır ki,

Stalin gürcü əsilliydi və sövq-təbii Gürcüstanın maraqlarını müəyyən qədər qoruyurdu. Stalin Güney Qafqazda Sovet nəzarətinin gücləndirilməsində etnik gərginliklərin idarə edilməsi amilinə üstünlük verirdi.

Mikoyan Sovet rəhbərliyində erməniləri təmsil edən ən yüksək vəzifəli siyasətçi idi. O, Ermənistanın maraqlarını müdafiə etmək üçün vəzifə mövqeyindən istifadə etməmiş deyildi, lakin bu işi ümumsovet maraqları libasına bürüməyi bacarırdı. “(Vladimir) İliçdən (Leonid) İliçə” uzun illər boyu Kremldə yuvalanmağı bacarmış Mikoyan dövlət xadimi ərkanı ilə deyil, dardərə düşüncəsi(zliyi) ilə hərəkət edib...

Onu da vurğulayaq ki,

Kreml erməni-gürcü çıxarlarının tarazlaşdırılmasını da diqqətdən uzaq tutmayıb.

-Ermənistan və Gürcüstan arasında müəyyən gizli gərginliklər olubsa da, məlumunuz – Kreml Sovet dönəmində belə gərginlikləri dayandırmış olmalı...

Sovet modelinin zəifləməsi və yeni gerçəkliklər

Bəli, Sovet İttifaqının dağılmasından sonra Stalin-Mikoyan modeli önəmini itirdi, çünki Güney Qafqaz ölkələri yeni müstəqil siyasət yürütməyə başladı. Bu sürəc həmçinin Gürcüstan-Türkiyə və Gürcüstan-Azərbaycan bağlarının güclənməsi ilə müşayiət olundu. Fikrimizi yığcam şəkildə əsaslandıraq:

Gürcüstan-Azərbaycan bağları

-Enerji və daşımaçılıq:

Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyində əsas rol oynayır. TANAP və TAP kimi layihələrdəki işbirliyi, Gürcüstanın iqtisadi sabitliyinə böyük töhfə verir.

-Siyasi dəstək:

Azərbaycan, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bölgəsəl düzeydə vahid strategiya yürüdür.

- Mədəni bağlar:

Gürcüstan Respublikasının vətəndaşı olan, oranın yerli, köklü xalqlarından olan azərbaycanlılar iki ölkə arasında mədəni bağları gücləndirən ən əsas faktordur.

Gürcüstan-Türkiyə bağları

- İqtisadi tərəfdaşlıq:

Gürcüstan və Türkiyə arasında ticarət və enerji sahələrində geniş işbirliyi qurulub. Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Qars dəmir yolu layihələri bu işbirliyinin əsas sütunlarıdır.

- Strateji önəm:

Gürcüstan, Türkiyəyə, Türkiyənin önəmli mövqe sahibi olduğu NATO-ya yaxınlaşan bir tərəfdaşdır. Türkiyə öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü (Abxaziya və Güney Osetiya məsələsində) dəstəkləyir.

- Mədəni təsir:

Gürcüstanın Türkiyə ilə yaxınlaşması, əsasən Axıska türklərinin, digər türk-islam mənsubu xalqların hüquqlarının tanınması və inteqrasiyası ilə dəstəklənir.

Ermənistanın özündən qaynaqlanan təcrid:

-Gürcüstanın Türkiyə və Azərbaycanla sıx bağlarından Ermənistan ciddi zərər görür. Bu bağlar Ermənistanın bölgəsəl layihələrdən qıraqda qalmasına səbəb olur. Lakin bu gedişatda suçlu nə Azərbaycan, Türkiyə, nə də Gürcüstan deyil, bilavasitə Ermənistanın özüdür. 

-Zəngəzur dəhlizi məsələsi, Ermənistanın geosiyasi blokadadan çıxması üçün bir fürsət olsa da, Gürcüstan məhz öz ərazisindən keçən marşurutlarda maraqlıdır. Zəngəzur dəhlizinin bu günə qalmasının tək suçlusu da Ermənistandır – onlar işğalçılığı iqtisadiyyatdan üstün tutdular və sonucuna da qatlanmaq zorundadırlar...

Gürcüstanın yeni geosiyasi mövqeyi

Gürcüstan Türkiyə və Azərbaycanla bağlarından yararlanaraq öz strateji mövqeyini gücləndirir.

- Bölgəsəl iqtisadi mərkəz:

Gürcüstan enerji kəmərləri və daşımaçılıq yolları ilə bölgəsəl iqtisadiyyatın mərkəzi mövqeyindədir.

- Sabitlik və işbirliyi:

İç sabitliyinin, ərazi bütövlüyünün qorunmasında Azərbaycanın və Türkiyənin  dəstəyi Gürcüstan üçün önəmlidir.

Sonuc olaraq, vurğulayaq ki,

Adıyaman Stalin-Mikoyan modelindən sonra yaranmış yeni geosiyasi ortam Gürcüstanın Türkiyə və Azərbaycanla sıx işbirliyi edərək bölgəsəl mövqeyini gücləndirməsinə imkan yaratdı. Ermənistan isə bu münasibətlərdən qıraqda qaldı, çünki onun bölgəsəl siyasəti öz əsassız iddialarından, hikkəsindən qaynaqlanan strateji təcridlə xarakterizə olunur. Bu sürəc, Gürcüstanın bölgədə artan iqtisadi və siyasi təsiri ilə sonuclanıb.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Seçilən
2
modern.az

1Mənbələr