Yanvarın 30-da Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbində “Konstitusiya və Suverenlik İli” ilə bağlı spikerlər seriyası çərçivəsində “Konstitusiya və Suverenlik dəyərləri” mövzusunda ilk görüş baş tutub.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş Azərbaycan Gəncləri Günü ərəfəsində universitetin Heydər Əliyev Mərkəzinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib. Əvvəlcə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva və iştirakçılar universitetin həyətində ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərin xatirəsinə ucaldılmış abidə və Ulu Öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzərək dərin ehtiramlarını bildiriblər.
Sonra millət vəkili Mehriban Vəliyeva yeni təmir olunmuş açıq tipli kitabxana və müasir İT laboratoriyaları ilə tanış olub. Görüşdə rektor Rüfət Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamın ölkəmizin hüquqi dövlət quruculuğu sahəsindəki əhəmiyyəti məsələsinə toxunub.
Rektor həmçinin Azərbaycanda gəncliyin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini qeyd edib. O, Gənclər Günü münasibəti ilə hər bir gənci, xüsusi ilə SDU gənclərini təbrik edib, uğurlar arzulayıb.
Görüşdə Konstitusiya və suverenliyimizi əks etdirən videoçarx nümayiş olunub.
Millət vəkili Mehriban Vəliyeva “Konstitusiya və Suverenlik İli” nin əhəmiyyətindən danışaraq dövlətçiliyi möhkəmləndirmək, ərazi bütövlüyünü təmin etmək və ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirmək istiqamətində həyata keçirilən islahatlardan danışıb. Mehriban Vəliyeva eyni zamanda çıxışında Sumqayıt şəhərinin 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilməsi məsələsinə də toxunub. Qeyd edib ki, bu gün dinamik sürətlə inkişafa doğru irəliləyən sənaye şəhəri olan Sumqayıt təkcə iqtisadiyyatı ilə deyil, iri mədəniyyət, elm və təhsil ocaqları ilə də tanınır.
Görüşün sonunda universitetin ictimai həyatında fəallığı ilə fərqlənən bir qrup gənc mükafatlandırılaraq sertifikatla təltif olunub.