AZ

"Bu qərarlar qərbin çürümüş siyasi sisteminin növbəti göstəricisidir " - Tural İsmayılov

“Donald Trampın ikinci hakimiyyət dönəmi qlobal səviyyədə səs-küy doğuran qərarlarla yadda qalır. Birləşmiş Ştatların Ukrayna qaçqınlarına yardımını dayandırması və onları ölkədən çıxarmaq niyyəti ciddi narahatlıq yaradıb. Bu addım təkcə minlərlə insanın taleyini deyil, həm də Qərbin Ukraynaya münasibətindəki yeni yanaşmanı gündəmə gətirir”.

“Ümumiyyətlə, Donald Trampın ikinci prezidentlik dövrü gözlənildiyi kimi, onun əvvəldən elan etdiyi bir çox addımların atılması ilə xarakterizə olunur. Tramp daha əvvəl də qeyd etmişdi ki, onun ikinci prezidentliyi dövründə Amerika Birləşmiş Ştatları çox sərt miqrasiya siyasəti həyata keçirəcək. Hazırda ABŞ bu sərt miqrasiya siyasətini ən kəskin formada tətbiq edir. Əlbəttə ki, Trampın burada haqlı olduğu məqamlar da var. Lakin haqsız olduğu məqam ondan ibarətdir ki, bu gün Ukrayna böhranı Qərbin imperialist dairələrinin “rəngli inqilab” ixracından sonra baş verib. Nəticədə Rusiya Ukrayna ərazilərini işğal edib. Eyni zamanda, müharibəni bəhanə edərək ABŞ-ə kütləvi şəkildə miqrasiya edən insanlar da hazırkı hakimiyyəti narahat edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçi qeyd edib ki, Tramp artıq ABŞ-nin və ümumilikdə Qərbin Ukraynanı ardıcıl şəkildə dəstəkləmək fikrində olmadığını bildirir.

“O, atəşkəsin əldə edilməsini vacib sayır. Bununla belə, birdən-birə bu qədər insanın ABŞ-dən çıxarılması ciddi problemlərə səbəb ola bilər. Çünki Ukraynanın bəzi əraziləri tamamilə Rusiya işğalı altındadır və ABŞ-nin deportasiya etdiyi bu insanların hara qayıdacağı bəlli deyil. Bu da ciddi humanitar böhran yarada bilər. Avropa ölkələri isə ABŞ prezidentinin bu qərarları ilə tam razılaşmaya bilərlər. Lakin istər Ukraynada baş verən böhran, istərsə də Trampın miqrasiya siyasəti ilə bağlı qəbul etdiyi qərarlar Qərbin çürümüş siyasi sisteminin növbəti göstəricisidir”.

Rəfiqə NAMAZƏLİYEVA

Seçilən
1
aznews.az

1Mənbələr