1914-cü il fevral ayının 22-də İrəvanın tanınmış ziyalıları Mirzə Cabbar Əsgərzadənin redaktorluğu, Mirfətulla Mirfətullayevin naşirliyi ilə İrəvanda Azərbaycan dilində ilk mətbuat orqanı olan “Lək-lək”in birinci nömrəsi işıq üzü görür.
Bu məcmuə XX əsrin ikinci onilliyində Qərbi Azərbaycanda - İrəvanda 1914-cü il fevral ayının 22-dən həmin ilin 30 iyununadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş “Lək-lək”, əslində, senzura sənədlərində “Leylək” jurnalının ərəb qrafıkalı əlifbadan transliterasiyasıdır. “Lək-lək” “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirmişdir. Jurnalın naşir və redaktoru Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə olmuşdur. Jurnal İrəvandakı “Lyus” mətbəəsində çap edilmişdir.
Cəmi beş ay nəşr edilmiş “Lək-lək” məcmuəsi elə həmin ildə 1914-cü il iyun ayının 30-da özünün sonuncu - 12-ci nömrəsində bir sıra səbəblər üzündən bir daha çıxmayacağı və gələcəkdə daha mükəmməl, böyük həcmli jurnalla əvəz ediləcəyini elan etməsinə baxmayaraq, jurnal bir daha nəşr edilməmişdir. “Lək-lək” də “Molla Nəsrəddin” kimi səkkiz səhifəlikdir. “Lək-lək”in cəmi beş ay ərzində işıq üzü görən nömrələrini ardıcıl izlədikdə onun “Molla Nəsrəddin”in ideya və dəst-xəttinə sadiq qaldığı bir daha aydın olur.
“Lək-lək” satirik məcmuəsindən sonra İrəvanda “Bürhani-həqiqət” adlı məcmuə nəşr edilmişdir. Jurnalda Əli Məhzunun bir neçə satirik şeirləri də özünə yer tapmışdır. “Bürhani-həqiqət”in səhifələrində dərc olunmuş bu əsərlərdə mövcud dövrün problemlərinə, siyasi, sosial-mədəni hadisələrinə bədii sənət dili ilə münasibət bildirilmişdir. “Lək-lək” kimi “Bürhani-həqiqət”in də ömrü uzun sürməmişdi.
Elə həmin ildə 1917-ci ilin iyun ayının 29-da cəmi 9 nömrəsi işıq üzü görən “Bürhani-həqiqət”in də fəaliyyəti dayandırıldı. “Bürhani-həqiqət” məcmuəsinin nəşri dayandıqdan sonra İrəvanda Azərbaycan mətbuatının olması haqqında professor Nazim Axundov “Azərbaycanda dövri mətbuat (1832-1920)” adlı biblioqrafik məlumat kitabında 1920-ci ildə İrəvanda “Cavanlar şurası” adlı qəzetin azərbaycanlı ziyalıların milli şurası tərəfindən nəşr olunduğunu qeyd edir. Tədqiqatçı-alim İsrafil Məmmədov isə İrəvanda “Cavanlar şurası” adlı mətbuat orqanının 1920-ci ildə deyil, 1917-ci ildə işıq üzü gördüyünü bildirir. İsrafil Məmmədovun “Cavanlar şurası”nın nəşri ilə bağlı verdiyi məlumat daha inandırıcıdır. Çünki 1918-1920-ci illərdə ermənilərin İrəvanda və eyni zamanda azərbaycanlılar yaşayan bölgələrdə soydaşlarımıza qarşı törətdikləri qətliamlar zamanı azərbaycanlı əhalinin bir qismi qətlə yetirilmiş, bir qismi isə qəddarcasına qətlə yetirilməkdən xilas olmaq üçün Azərbaycana və müxtəlif ölkələrə köçməyə məcbur olmuşdular. 1918-1920-ci ildə İrəvanda və eləcə də yerlərdə barmaqla sayıla biləcək qədər adam qalmamışdır. Bu baxımdan 1920-ci ildə İrəvanda “Cavanlar şurası” adlı qəzetin nəşr edilməsi həqiqəti əks etdirmir. Müəllif jurnalın bir neçə sayını əsərində geniş şəkildə təhlil edib. Bu təhlillərdən aydın olur ki, “Bürhani-həqiqət” oxucularını elmə, maarifə, yeniliyə, ədəb-ərkana sövq edən bir mətbuat orqanı olub. “Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri və rolu olan “Bürhani-həqiqət” jurnalı Azərbaycan Sovet Ensiklopediyasında dövrün ideologiyasına uyğun olaraq “dini ehkamları müdafiə edən ziddiyyətli, zərərli jurnal” kimi təqdim edilir.
Bütün respublikalarda olduğu kimi, Qərbi Azərbaycanda da ilk növbədə kommunist-bolşevik mətbuatı yaratmaq məsələsi zəruri idi. Bu səbəbdən də 1921-ci il yanvar ayının 7-də İrəvanda Azərbaycan dilində “Kommunist” qəzeti nəşr edilməyə başlandı. “Kommunist” qəzeti 1921-ci il yanvar ayının 7-dən fevral ayının 8-nə qədər nəşr olunmamışdır. Qəzetin redaktoru isə Həmid Qənizadə idi. 1921-ci il fevral ayının 9-da erməni daşnakları İrəvanda yenidən tüğyan edərək terror, qətliamlar və total qırğınlar, dağıntılar törədərkən Azərbaycan dilinə nəşr olunan “Kommunist” qəzetinin redaksiyasını yandıraraq məhv etmişlər. Bununla da qəzetin fəaliyyəti dayandırılmışdır. “Zəngi” qəzeti nəşr olunmasının iki illiyi münasibəti ilə dərc etdiyi “İki bayram” adlı redaksiya məqaləsində yazır: “İrəvanda həftəlik türkcə “Kommunist” qəzetəsi nəşrinə başlandı. Qəzetə bir neçə ay davam etdikdən sonra bir para səbəblərə görə qapandı və bir neçə ay sonra “Rəncbər” qəzetəsi nəşrinə başlandı. O da bir neçə ay davam etdikdən sonra qapandı”. 1921-ci il iyul ayının 22-də “Rəncbər” qəzetinin ilk nömrəsi işıq üzü görmüşdür. Qəzetin nəşri Qərbi Azərbaycanda soydaşlarımız arasında geniş əks-sədaya səbəb olmuşdur. “Rəncbər” qəzetinin ilk sayında onun məqsəd və vəzifələri, bu vəzifələrin yerinə yetirilməsi, partiya, sovet, komsomol təşkilatlarının, bütün zəhmətkeşlərin və ziyalıların qəzetə yaxından kömək göstərmələri, rəhbər işçilərin, fəhlə və kəndlilərin rəy və arzuları, bölgələrdən qısa məlumatlar, respublika xəbərləri və bir neçə xarici xəbərlər dərc olunmuşdu. Qəzetin Azərbaycandakı arxivlərdə heç bir nüsxəsi qorunub saxlanmamışdır. Moskvadakı Mərkəzi kitabxanada bütün nömrələri olmasa da, 1-3, 46-55 və 78-ci nömrələri dövrü mətbuat fondunda mühafizə olunur. “Rəncbər” qəzetinin əldə etdiyimiz həmin nömrələri bu mətbu orqanla bağlı elmi dövriyyəyə daxil edilmiş bir sıra yanlış məlumatların dəqiqləşdirilməsinə aydınlıq gətirmiş oldu. Bütün mənbələrdə “Rəncbər” qəzetinin 1922-ci ildə nəşr edildiyi göstərilir və bu məlumatlar onun nəşri tarixi ilə bağlı həqiqəti əks etdirmir. Qəzetin ilk nömrəsi 1921-ci il 22 iyul tarixində çap olunmuşdur. 1923-cü ilin ortalarında “Rəncbər” qəzetinin də fəaliyyəti dayandırılır və bununla da azərbaycanlı əhali yenidən anadilli mətbuat orqanından məhrum edilir.
1924-cü ildə “Zəngi” qəzeti nəşr olundu. “Zəngi” qəzetinin nəşrinin icazə verilməsinə baxmayaraq, onun işıq üzü görməsi heç də asan olmamışdır. Qəzetin nəşrini təmin etmək üçün mətbəə, şrift, bir sıra texniki avadanlıqların əldə olunması, işçi qüvvəsinin toplanması, məqalə yazmaq və s. bu kimi meydana gələn problemlərin həll edilməsi günün təxirəsalınmaz ən vacib məsələlərindən idi. Mətbəədə texniki və mütəxəssis çatışmazlığına baxmayaraq, “Zəngi” qəzetinin iki səhifədə ibarət birinci nömrəsi nəzərdə tutulduğu vaxtda, Bala Əfəndiyevin redaktorluğu ilə 29 noyabr 1924-cü ildə işıq üzü görür. Qəzetin ilk və sonrakı bir neçə nömrəsi Bala Əfəndiyevin, Mustafa Hüseynovun, Əkbər Rizayevin, Murtuza Muradovun böyük səyi və əzmkarlığı ilə araya-ərsəyə gəlmişdir. Onlar bütün qüvvə və bacarıqlarını “Zəngi” qəzetinin vaxtlı-vaxtında, yüksək keyfiyyətlə çıxmasına sərf edirdilər.
Bütün bunlara baxmayaraq, “Zəngi” qəzeti erməni şovinist dairələri tərəfindən məqsədli şəkildə yaradılan problemlərlə üzləşməli olurdu. Qəzetin redaksiyasının binası olmadığından ilk vaxtlar EK (b) P MK-nın nəzdində yaradılmış “Azsaylı xalqlar şöbəsi”nin idarəsində darısqal bir otaqda yerləşirdi. Redaksiyanın daimi binası olmadığı üçün ünvanlar tez-tez dəyişir, kağız problemi ortaya çıxır, həm də onun abunəçi məsələsi çox vaxt problemə çevrilirdi. “Zəngi” qəzetinin bütün bölgələrdə - Ağbabada, Basarkeçərdə, Zəngibasarda, Üçmüəzzində, Vedibasarda, Qaraqoyunluda və digər bölgələrdə müxbir məntəqələri fəaliyyət göstərirdi. Redaktordan tutmuş mürəttibə kimi hamı fədakarlıqla çalışır, əlindən gələni edirdilər ki, qəzet müntəzəm nəşr olunsun. Bunun üçün redaksiya heyəti Bakı, Naxçıvan, Şəki və başqa şəhərlərdən də abunəçilər cəlb edirdi. “Zəngi” qəzeti “Həlli çatmış məsələ” rubrikası adı altında “Şərq qapısı” (Naxçıvan), “Şəki fəhləsi” (Şəki) qəzetlərinin işi haqqında və onların məqalələrini təkrar verirdi. Hər üç qəzet “Gənclər səhifəsi” açaraq bir-biri ilə əlaqə yaradırdılar. Yuxarıda adlarını qeyd etdiyimiz bu mərkəzi mətbuat orqanları sonralar “Qızıl şəfəq”, “Kommunist” və “Sovet Ermənistanı” qəzeti adı ilə nəşr olunmuşdur.
Azərbaycan mətbuat tarixində silinməz iz qoyan “Sovet Ermənistanı” qəzetinə müxtəlif vaxtlarda Rza Vəlibəyov, Cəfər Vəlibəyov, Rəhim Allahverdiyev, Salman Rəhimov, Həbib Həsənov, Məhərrəm Bayramov, İsrafil Məmmədov, Cahangir Əliyev, Zərbəli Qurbanov redaktorluq etmişlər. Bu mətbu orqanda şair, publisist, ictimai xadim Hidayət Orucov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadıqov, Teymur Əhmədov, Tapdıq Novruzov Sabir Əsədov, Allahyar Rəhimov, Vidadi Quliyev, Ramiz Məşədihəsənli, və bu kimi başqa peşəkar jurnalistlər çalışmışdır.
Azərbaycan mətbuat salnaməsinin ayrılmaz parçası olan, İrəvanda nəşr edilən mətbu orqanların tarixinin daha dərindən araşdırılması mətbuat və mətbuatşünaslıq tariximizin zənginləşməsinə xidmət edir.
Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent