AZ

"Türkman irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün birgə fəaliyyət vacibdir" - QHT sədri / FOTOLAR

"İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin sədri Vüsalə Sadıqova (Qələndərli) bu gün Bakıda keçirilən "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" forumunun əhəmiyyətindən QHT.az-a açıqama verib. 

QHT sədri forumun Türkman icmalarının birliyini gücləndirməyə və onların qarşılaşdıqları çətinliklərə qarşı mübarizədə bir platforma yaratmağa xidmət etdiyini, həmçinin tədbirin Türkman irsinin qorunması və gələcək nəsillərə çatdırılması məsələlərinə xüsusi diqqət yetirdiyini bildirib:

"Bildiyiniz kimi bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirildi.  Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri və təmsilçiləri iştirak etdi. Forumda əsas müzakirələr Türkmanların hüquqlarının müdafiəsi, regiondakı siyasi vəziyyətin müzakirəsi, həmçinin Türkmanların sosial və iqtisadi inkişafına dəstək verən layihələrin həyata keçirilməsi mövzularında aparıldı. Düşünürəm ki, bu müqəddəs günlərdə baş tutan bu forum böyük məna və əhəmiyyət kəsb edir. "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" forumunun əhəmiyyəti bir neçə əsas aspektdə özünü göstərir. Birincisi, bu cür tədbirlər Türkman icmalarının birliyini gücləndirir və onların regional səviyyədəki problemlərinə diqqət çəkir. Forum, Türkmanların üzləşdiyi sosial, iqtisadi və siyasi çətinliklərə qarşı birgə mübarizə aparmaq üçün bir platforma yaradır. İkincisi, forum, müxtəlif ölkələrdən gələn Türkman QHT-lərinin təcrübə mübadiləsi etmələrinə imkan verir, bu da onların əməkdaşlığını artırır və müxtəlif problemlərə qarşı daha təsirli yanaşmaların inkişafına şərait yaradır. Üçüncüsü, tədbir, Türkman irsinin qorunması və gələcək nəsillərə çatdırılması məsələlərinə diqqət ayırır. Bu, milli kimliyin saxlanmasına və mədəni irsin gələcəkdə də qorunmasına töhfə verir."

Vüsalə Sadıqova bildirib ki, Türkman irsinin qorunması və bu irsin gələcək nəsillərə çatdırılması üçün birgə fəaliyyət olduqca vacibdir. Onun sözlərinə görə, Forumun əhəmiyyəti həm də siyasi və diplomatik baxımdan mühümdür, çünki Türkman icmalarının birgə təşəbbüsləri, bölgələrdəki münaqişələrə və konfliktlərə qarşı daha effektiv yanaşmaların ortaya çıxmasına gətirib çıxara bilər:

"Bu cür tədbirlər Türkmanların hüquqlarının müdafiə edilməsi üçün beynəlxalq aləmdə daha güclü bir səslə çıxış etmələrini təmin edəcək. Bugünkü Forumda bir daha bildirildi ki, İraq türkmanlarının son illərdə yaşadıqları acılar, onları evlərindən didərgin salan səbəbləri Türk dünyası yaxşı bilir və qardaş-bacılarımıza dəstək göstərilir və göstəriləcək".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
97
qht.az

1Mənbələr