Qahirə, 26 mart, AZƏRTAC
Misir-Azərbaycan Dostluq Cəmiyyətində iftar süfrəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin onların ailə üzvləri, səfirliyin əməkdaşları müqəddəs Ramazan ayında iftar süfrəsi arxasına toplaşıblar.
Tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan diasporunun, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edib. Cəmiyyətin nəzdində açılmış Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasının təhsil sahəsində gördüyü işlərə toxunan alim burada 59 ölkədən 642 tələbənin ödənişsiz əsaslarda təhsil aldığını diqqətə çatdırıb.
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov ölkələrimiz arasında möhkəm dostluq əlaqələrinin olduğunu bildirib. Diplomat münasibətlərin genişlənməsində dövlət başçılarının rolunu xüsusi vurğulayıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və bu zaman imzalanan ikitərəfli sənədlərin əhəmiyyətini qeyd edib. O, Azərbaycanda qədimdən bəri mövcud olan tolerantlıq mühitindən danışıb və xalqımızın özünəməxsus Ramazan adət-ənənələrinin olduğunu bildirib. Diqqətə çatdırılıb ki, son illərdə Misir universitetlərində keçirilən Azərbaycan dili dərslərinə maraq artmaqdadır. Azərbaycan dilini və mədəniyyətini öyrənən, eləcə də bu sahədə elmi tədqiqatlar aparmış misirli gənclər xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə də töhfə verirlər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə