AZ

“Son 5 ildə Ağdamın bərpası sürətlə həyata keçirilir”- Millət vəkili

“İşğaldan azad olunmuş bütün ərazilərimiz kimi Ağdamın da siması dəyişir. Burada şəhər və kəndlər müasir standartlara uyğun şəkildə bərpa olunur. Prezident İlham Əliyevin Sarıcalı kəndinə səfəri zamanı biz növbəti inkişafın şahidi olduq. 2022-ci ildə təməli qoyulan Sarıcalı kəndi artıq doğma sakinlərini qarşılayıb. Kənd ümumilikdə 425 ailə üçün planlaşdırılıb. Dövlət başçımız ilkin mərhələdə öz doğma yurduna qayıdan sakinlərə mənzillərin açarlarını təqdim etdi. Keçmiş məcburi köçkünlər bu günü səbrsizliklə gözləyirdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər nəticəsində Kəlbəcər və Laçın kimi Ağdam da 1 güllə atmadan düşmən tapdağından azad olundu:

“Müharibədən sonra Ağdamın mənzərəsi dəhşətli idi. Burada daş daş üstə qalmamışdı. Ağdam şəhəri faktiki yox idi. Yalnız Cümə məscidinin qalıqları qalmışdı, düşmən onu hərbi məqsədlər üçün, artilleriya atəşinin tənzimlənməsi niyyəti ilə saxlamışdı. Düşmənin bu davranışın bir neçə səbəbi var idi. Prezident İlham Əliyev Ağdama səfər zamanı da bildirmişdi ki, bunun ilk səbəbi bizə olan nifrət idi. “İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin”.

K.Nurullayevanın sözlərinə görə, Ağdam həmçinin ən çox mina ilə çirkləndirilmiş bölgədir:

“Bununla belə, son 5 ildə Ağdamda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. 2021-ci il müstəqillik günündə – mayın 28-də Ağdam şəhərinin bərpasına başlandı. Bu tarix də təsadüfən seçilməmişdi. Beləliklə, azad edilmiş torpaqlarda birinci Baş Plan Ağdamda təsdiqləndi. Əsas plan 33 kəndin ətrafında quruldu. Kəngərli, Baş Qərvənd, Sarıcalı kimi onlarla kəndin təməli qoyuldu.

Bu gün Ağdamda irimiqyaslı sənaye parkları inşa edilib, tarixi-mədəni abidələr bərpa edilməkdədir. Vaxtilə ərazisi 700-800 hektar olan Ağdam şəhəri indi iki dəfə böyüdülüb. Dövlət başçımızının da söylədiyi kimi, biz Ağdamın timsalında elə bir şəhər qurmuşuq ki, bütün dünya üçün örnəkdir”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
98
editor.az

1Mənbələr