Ermənistan Ramazan bayramında da təxribatından əl çəkmədi...
Ermənistanın ümumbəşəri dəyərlərdən, əxlaq və mənəviyyatdan məhrum olduğu, beynəlxalq hüquq normaları ilə yanaşı, həm də insani dəyərləri heçə saydığı hamıya məlumdur. Yaxın və uzaq keçmiş bu iddianı isbatlayacaq saysız-hesabsız faktlarla zəngindir. Mülki insanları hədəf alan terror olayları, uşaq, qadın və qocaların rəhmsizcəsinə qətlə yetirilməsi, müharibə zamanı təcili tibbi yardım avtomobillərinin, həkimlərin, dinc yaşayış məntəqələrinin belə atəşə tutulması, məscid və məbədlərin talanması, ibadətxanaların donuz fermasına çevrilməsi, dövlət səviyyəsində gerçəkəşən narkotik və orqan ticarəti və s. kimi faktlar Ermənistan üçün heç bir müqəddəs dəyərin olmadığını göstərir.
Ermənistanın martın 30-da, bütün İslam dünyası üçün müqəddəs Ramazan bayramında da ordumuzun mövqelərini atəşə tutması, ərazilərimizi PUA-larla müşahidəyə cəhd etməsi İrəvanın heç bir dini-mənəvi dəyərə hörmət qoymadığından xəbər verir. Bu fakt bir daha sübut edir ki, Ermənistan dini-bəşəri dəyərlərə yad olmaqla yanaşı, həm də bu dəyərlər üçün çox ciddi təhlükə mənbəyidir.
Buna görə də Ermənistanın terror və təxribat cəhdlərinə qarşı mübarizə aparmaq yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin əsas vəzifələrindəın biri olmalı, dünya birliyi bu məsələdə ciddi həmrəylik və qətiyyət sərgiləməlidir. Ermənistanın təxribatlarına münasibətdə başda İran olmaqla, İslam dövlətlərinin daha böyük həssaslıq sərgiləməsinə ehtiyac var. Çünki Ramazan ayında, eləcə də Ramazan bayramında Azərbaycana qarşı törədilən bu təxribatlar mahiyyət etibarilə bütün İslam dünyasına yönəlik təhdid və hörmətsizlikdir. Odur ki, bu təxribatların cavabının yalnız Azərbaycan deyil, bütövlükdə İslam birliyi tərəfindən verilməsi zəruridir. Bu, həm Ermənistanın anti-İslam fəaliyyətinin qarşısının alınması, həm də müsəlman dövlətləri arasındakı həmrəyliyin praktiki olaraq nümayişi baxımından arzuediləndir.
Ümid edirik ki, Ermənistanın bu təxribatları həm İslam dünyası, həm də beynəlxalq birliyin digər komponentləri tərəfindən ciddi qınaqla qarşılanacaq, bu cür təxribatların bir daha təkrarlanmaması üçün İrəvana lazımi təzyiq göstəriləcək. Əks təqdirdə, Ermənistan bundan sonra da bəşəri nizami və beynəlxalq qaydaları pozmaqda davam edəcək, sülh və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olaraq qalacaq və cəzasızlıq mühitindən istifadə edərək zaman-zaman digər dövlət və dəyərlərə də aşkar hörmətsizlik və həqarət sərgiləyəcək.
Seymur ƏLİYEV