"Qalatasaray" klubunun təcrübəli futbolçusu Dris Mertens sabiq futbolçu Con Obi Mikelin proqramında qonaq olub və maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu karyerasını Türkiyədə bitirə biləcəyini bildirib:

“İki dəfə çempion olmuşuq, ümid edirəm ki, bu uğuru üçüncü dəfə də təkrarlaya bilərik".

Mertens nigeriyalı hücumçu Viktor Osimhen barədə danışarkən onun "Qalatasaray"a gəlməsində rolunun olduğunu bildirib:

“Osimheni "Qalatasaray"a mən gətirdim. O, hazırda dünyanın ən yaxşı üç hücumçusundan biridir. Onun kimi çox hücumçu yoxdur. Əla oyunçudur.”

"Qalatasaray"a gəldikdən sonra klubun böyüklüyünü daha yaxşı anladığını deyən Mertens, sarı-qırmızılı komandanın dünyanın hər yerində tanındığını vurğulayıb. Təcrübəli oyunçu həmçinin klubdakı gənc futbolçulara dəstək verdiyini də qeyd edib:

“Onlara pozitiv olmağı, çox işləməyi, məşqçini diqqətlə dinləməyi və oyundan zövq almağı öyrədirəm. Zaman tez keçir. Mən hər zaman özünə baxan futbolçu olmuşam.”

Türkiyə ilə bağlı təəssüratlarını bölüşən Mertens deyib:

“Türk xalqı çox istiqanlıdır. İstanbul şəhərini çox sevirəm. İnsanlar ölkələri ilə fəxr edirlər və bunu sənə göstərmək istəyirlər. Səni sanki məcbur edirlər ki, çay içəsən".