Qırğızıstanda İssık-Kul gölünün ətrafına 10 milyondan çox fidan əkiləcək.
Hafta.az-ın “Kabar”a istinadən yazdığına görə, prezident Sadir Japarovun yaşıl iqtisadiyyatın inkişafı və ətraf mühitin mühafizəsi ilə bağlı tapşırıqlarının icrası çərçivəsində Qırğızıstanın regionlarında ilk dəfə olaraq tinglərin əkilməsi və karbon qazı emissiyasının azaldılması istiqamətində irimiqyaslı layihəyə start verilir.
Bu məqsədlə Qırğızıstanın baş naziri Adilbek Kasıməliyev iqlimin maliyyələşdirilməsi, dayanıqlı inkişaf həllərinin hazırlanması və aşağı karbonlu iqtisadiyyata keçidə yönəlmiş layihələrin həyata keçirilməsi üzrə ixtisaslaşmış Böyük Britaniyada fəaliyyət göstərən Valor Carbon şirkətinin nümayəndələri ilə görüşüb.
İclasda Qasımalıyev İssık-Kul vilayətində 25 min hektar sahədə 10 milyondan çox ting əkmək üçün 180 milyon dollara qədər iqlimin maliyyələşdirilməsini nəzərdə tutan layihə təklif edib. Baş nazir bununla bağlı deyib: "Qırğızıstan davamlı inkişaf və ətraf mühitin mühafizəsi prinsiplərinin təbliğində ön sıralarda olmağa çalışır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, biz iqtisadiyyatımızı gücləndirən, eyni zamanda ətraf mühitin mühafizəsini təmin edən layihələrə beynəlxalq investisiyaları fəal şəkildə cəlb edirik".
Britaniyanın Valor Carbon şirkətinin nümayəndələri bəyan ediblər ki, bu layihənin həyata keçirilməsi regionda bu miqyasda ilk təşəbbüs olacaq. Bundan əlavə, layihə müasir texnologiyalar və davamlı inkişaf standartlarından istifadə etməklə nəqliyyat, biznes, ictimai iaşə, arıçılıq və turizm kimi sahələrin inkişafı üçün yeni imkanlar yaradacaq.