İstanbul Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlu barədə, qatıldığı bir paneldə İstanbul Respublika Baş Prokuroru Akın Gürlek və ailəsinə qarşı təhdid xarakterli sözlər dediyi iddiası ilə istintaq başladılıb.
Far.Az xəbər verir ki, bü gün cinayət işinin ilk məhkəmə iclası başlayıb.
İstintaq nəticəsində hazırlanan ittiham aktında İmamoğlunun bu cinayətlərdə təqsirli bilinməsi tələb olunur:
"Vəzifəli şəxsə qarşı açıq-aşkar təhqir, təhdid, terrorla mübarizədə iştirak etmiş şəxsləri hədəf göstərmək".
Qeyd edək ki, bu ittihamlarla İmamoğlunun 2 il 8 aydan 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsi, seçmək və seçilmək hüququndan məhrum olunması və dövlət vəzifələrindən uzaqlaşdırılması istənilir.
İddianamə üzrə məhkəmə prosesi İstanbul 14-cü Ağır Cəza Məhkəməsi tərəfindən Marmara Cəza İcra Müəssisələri Kompleksində keçirilir. İclasda təqsirləndirilən şəxs kimi Əkrəm İmamoğlu şəxsən iştirak edib.
Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu, oğlu Selim İmamoğlu, millət vəkilləri, bələdiyyə sədri Sinem Dedetaş, vəkillər və çoxsaylı izləyicilər də məhkəmə zalında iştirak ediblər.