AZ

Ağstafada “Qərbi Azərbaycana qayıdış yolunda” adlı elmi-praktiki konfrans keçirilib

Ağstafa, 11 aprel, Vüsalə Cənnətova, AZƏRTAC

Ağstafada Rayon İcra Hakimiyyəti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış yolunda” adlı elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş olunub. “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı kitab barədə məlumat verilib.

Çıxışlar zamanı vurğulanıb ki, Qərbi Azərbaycan torpaqları azərbaycanlıların əzəli dədə-baba yurdudur. Tarix boyu soydaşlarımızın bu torpaqlarda dəfələrlə deportasiyaya məruz qaldıqları bildirilib. Azərbaycan dövlətinin Qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsini xüsusi diqqətdə saxladığı qeyd edilib, soydaşlarımızın öz doğma yurdlarına sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının tarixi bir zərurət olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, bu qayıdış haqq davamızın yeni səhifəsidir və bu səhifə müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi və qətiyyəti ilə yazılacaq.

“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın əhəmiyyəti xüsusi vurğulanıb. Sakinlərin öz ata-baba torpaqlarına geri dönməsinin milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından önəminə diqqət çəkilib.

 

Seçilən
68
1
azertag.az

2Mənbələr