AZ

Pezeşkianın gecikən səfəri - Əliyevlə hansı dildə danışacaq?

İranın azərbaycanlı prezidentinin bu ay Bakı səfərindən gözləntilər var; analitik: “O, fars dilində danışsa, bəlli olacaq ki...”

“Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq”. Bu barədə Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Son aylar ərzində iki ölkənin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlət başçısı vurğulayıb: “Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.

İlham Əliyev eyni zamanda, ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılmasının şərtini də açıqlayıb. Bu da Tehrandakı səfirliyimizə hücum edən terrorçu və onun arxasında duranların ədalət məhkəməsi qarşısında cavab verməsi və cəzalanmalarıdır. “Mən İrandan olan qonaqlara sual verdim - mənim yerimdə olsanız, nə düşünərsiniz? Bu, təəssüfdoğuran hal oldu və bildiyiniz kimi, biz səfirlik heyətimizi tam şəkildə təxliyə etdik. Hadisədən bir ildən artıq vaxt keçmişdi və daha sonra İranın mərhum xarici işlər naziri mənə söz verdi ki, cinayətkar mühakimə ediləcək və ən ağır cəza alacaqdır. O vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu, baş verməyib.

Törətdiyi terror aktından dərhal sonra terrorçu televiziyaya çıxaraq mediaya müsahibələr verdi. Siz belə halın şahidi olmusunuz? Başqa dövlətin səfirliyində qətl törədən insan dərhal müsahibə verir. Elə həmin gün bu şəxs ruhi xəstə elan edilir. Ancaq tibbi ekspertiza ilə prosedur hər kəsə bəllidir. Bu, vaxt tələb edir, çünki bəzi hallarda cinayətkarlar özlərini ruhi xəstə kimi təqdim edirlər. Yəni, insanın ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün vaxt lazımdır. Bunun üçün tibbi komissiya tələb olunur. Beləliklə, bu şəxs, sadəcə, ruhi xəstə elan edildi"-Prezident fikrini bu cür ifadə edib.

Bəs İran prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına bu aya nəzərdə tutulan səfərinə kimi həmin şərt təmin edilə bilərmi? Başqa yandan, Bakıda iki azərbaycanlı prezident hansı dildə danışacaq - Azərbaycan dilində, yoxsa... Ən əsası ünsiyyət dilindən asılı olmayaraq, tərəflər arasında anlaşma mümkün olacaqmı? Səfər iki ölkə münasibətlərini yeni və yuxarı səviyyəyə daşıya bilərmi? 

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev forumdakı çıxışında iranlı həmkarı Məsud Pezeşkianın bu ay Azərbaycana reallaşacaq səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini, o cümlədən qonşu ölkə ilə geniş nəqliyyat və iqtisadi gündəliyinin olduğunu vurğulasa da, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını unutmadığını da sözlərinə əlavə etməsi bu məsələnin Azərbaycan üçün nə dərəcədə həssas məsələ olduğunun göstəricisidir: “Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən faciədən iki il keçməsinə baxmayaraq terroru törədənin hələ də cəzalandırılmadığını bildirən İlham Əliyev ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün bu məsələnin həllinin tapılması vacibliyini xatırladıb. Bu məsələnin həlli Azərbaycana səfər edən Məsud Pezeşkianın diqqətinə çatdırılacaq. Məsələ burasındadır ki, səfirliyimizə terror hücumu zamanı təxminən 40 dəqiqə ərzində terrorçuya müdaxilə edilməməsi cinayətin arxasındakı qüvvələrin gücündən xəbər verir. İlham Əliyev bu mövzuda danışarkən, terroru törədən cinayətkarın hadisədən dəqiqələr sonra rahat şəkildə İran dövlət televiziyasına müsahibə verdiyinə də diqqəti çəkib. Bu faktın özü bizdə terrorun yüksək dairələrdə planlaşdırıldığı və bu səbəbdən cinayətkarın hələ də cəzalandırılmadığı şübhələrini yaradıb. İki ölkə arasında münasibətlərin inkişafını istəyən Məsud Pezeşkianın bu məsələni həll etməyə gücü çatacaqmı? Bunu zaman göstərəcək”.

Elxan Şahinoğlu

Elxan Şahinoğlu qeyd etdi ki, Məsud Pezeşkian böyük ehtimalla Bakıdakı görüşlərində Azərbaycan dilində danışacaq, ancaq tərsi də mümkündür: “O, Bakıda fars dilində danışsa, Pezeşkianın İrandakı mühafizəkar dairələrdən çəkindiyi üzə çıxacaq. Bəlli olacaq ki, səfirliyimizə terror aktı həyata keçirən caninin cəzalandırılması məsələsində Pezeşkianın Bakının istədiyini reallaşdıra biləcəyi sual altındadır”.

Ekspert bildirdi ki, Pezeşkianın səfərinin İran-Azərbaycan münasibətlərinə təsir edəcəyi şübhəsizdir: “Azərbaycanın İranla müzakirə edəcəyi kifayət qədər çox mövzular var. Həm siyasi, həm iqtisadi sahələri əhatə edən məsələlər müzakirə olunacaq və yəqin ki, səfər zamanı razılaşmalar, müəyyən sahələri əhatə edən sənədlərin imzalanması da reallaşacaq”.

Qeyd edək ki, İranın Azərbaycan türkü olan yeni Prezidenti Məsud Pezeşkian İranda müxtəlif tədbirlərdə və görüşlərdə ana dilində danışır. Bu da İrandakı fars millətçi dairələri tərəfindən ona qarşı hücumlara, tənqidlərə gətirib çıxarır. Lakin Pezeşkian bu basqılara əhəmiyyət vermədiyini nümayiş etdirir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”


Seçilən
64
azia.az

1Mənbələr