AZ

Bakı dünyanın “İdman paytaxtı” oldu

Bu, ölkəmizin beynəlxalq nüfuzunun növbəti təsdiqidir

Azərbaycanın yüksək idman nəticələri, möhtəşəm qələbələr beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Bu günlər Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçməsi böyük etimadın daha bir bariz nümunəsidir. 

Müxtəlif dinlərdən olan millətlərin, xalqların birgə dostluq və qardaşlıq şəraitində yaşaması bu ecazkar şəhəri daha da əsrarəngiz edir. Təkcə son bir həftə ərzində Bakı çoxlu beynəlxalq tədbirlərə, eləcə də mötəbər idman yarışlarına evsahibliyi edir. Dünyanın ən güclü snayperlərinin iştirakı ilə keçirilən atıcılıq üzrə Dünya kuboku artıq 8-ci dəfədir burada keçirilir. Eyni zamanda, Bakıda bu günlər bədii gimnastika üzrə ilk dəfə Avropa kuboku təşkil edildi. Bu nüfuzlu yarışların iştirakçıları jurnalistlərə müsahibələrində idman mübarizələrini qeyd etməklə yanaşı, onlar üçün yaradılmış şəraitdən, Bakının gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən böyük vurğunluqla bəhs edirlər. 

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova qəzetimizə müsahibəsində Bakının 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçilməsindən böyük qürur hissi keçirdiyini bildirdi:

– Bu əlamətdar hadisə hər birimizdə böyük qürur hissi yaradır. Dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olan  Azərbaycanda idman sahəsinin tərəqqisi üçün yaradılan geniş imkanlar göz qabağındadır. Bu sahədə böyük uğurların qazanılmasında Prezident ­İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi var. Bakıda Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Avropa Oyunları Parkı, Su İdmanı Sarayı, Velopark, Atıcılıq Mərkəzi, Olimpiya kompleksləri və digər müasir idman qurğuları inşa edilərək istifadəyə verilib. Azərbaycan dövlətinin idmana və idmançılara göstərdiyi diqqət gənclərimizi də həvəsləndirir, idmanda kütləvilik getdikcə artır. Azərbaycan gənclərinin bu sahəyə böyük maraq göstərməsi, əldə edilən qələbələr idman şöhrətimizi hər yerə yayır.   

Z.Meftahətdinova ölkəmizdə, o cümlədən, Bakıda ən mötəbər yarışların yüksək səviyyədə təşkil edilməsi üçün lazımi şəraitin olduğunu vurğuladı:

– Ölkəmizin, doğma Bakının Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirinə – I Avropa Oyunlarına layiqincə evsahibliyi bu mötəbər yarışın yüksək statusunu müəyyən etdi. Eyni zamanda, multiidman yarışı olan İslam Həmrəyliyi Oyunları, həmçinin Formula 1 Azərbaycan Qran-prisi, dünya, Avropa çempionatları, digər irimiqyaslı idman tədbirləri şəhərimizin nə qədər geniş imkanlara, zəngin infrastruktura malik olduğunu göstərdi. Bu yarışların hər birinin təşkili ilə dünyaya nümunə oluruq. Müstəqil Azərbaycanda idman sahəsində əldə edilən uğurların dünyanın diqqət mərkəzində olmasını təsdiqləyən mühüm faktlardan biri də, Bakının “İdman paytaxtı” statusunu qazanmasıdır.

Qeyd edək ki, hazırda Sofiya dünyanın “İdman paytaxtı”dır, gələn il isə Monako bu statusu daşıyacaq. Gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. 

Leyla QURBANOVA 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
262
Mənbələr
Şərh ()
Bağla