AZ

KEÇMİŞİMİZƏ SAVAŞ AÇMAYAQ!

İnsan öz keçmişinə hörmət hissini heç vaxt itirməməli, bunun yaşadığı həyatın bir hissəsi olduğunu unutmamalı və onu davamlı şəkildə araşdırıb, öyrənməlidir. 

 

Çünki gələcək keçmişin üzərində qurulur və yaşadığın, geridə buraxdığın həyatını - keçmişindəki səhvlərini və doğrularını araşdırıb öyrənməzsənsə, gələcəklə bağlı aydın təsəvvürün olmaz və kim olduğunu, haraya getdiyini də bilməz, yolunu azarsan.

 

Bu səbəbdən, ağıllı və ləyaqətli insanlar yanlışı və doğrusuyla birgə keçmişinin hər qarışına sahiblənər, ondan imtina etməz, ancaq eyni zamanda onun əsirinə də çevrilməzlər: yanlışlarından, səhvlərindən nəticə çıxarar, onları bir daha təkrarlamamağa çalışar, doğrularını isə inkişaf etdirərlər. 

 

Yalnız keçmişi büsbütün bulaşıq, ləkəli olanlar, qürurla xatırlanacaq bir yaşantısı olmayanlar onu silməyə, itirməyə, unutmağa və xatırlamamağa çalışar və “hər şey elə bu gündən başlayır” düşüncəsiylə yaşamağa can atarlar.

 

Dövlətlər, xalqlar, millətlər də belədir: hansı öz keçmişinin hər səhifəsinə sahib çıxıbsa, onu dərindən araşdırıb öyrənibsə və o keçmişinə hörmət hissini də qırmayıbsa, vacib ənənə kimi bir nəsildən digərinə ötürübsə, inkişaf edənlərdən olub; hansı öz gerçək tarixini itirməyə və əvvəlkilərin üstündən xətt çəkərək, “tarix elə məndən başlayır” deməyə qalxıbsa, itən və itirən də sonda elə özü olub...

 

Çox təəssüf ki, son illər Azərbaycanda da tariximizin böyük bir səhifəsini, xüsusən də Sovetlər dövrünü bilərəkdən silməyə, itirməyə, unutmağa və xatırlamamağa, aşağılayıb təhrif etməyə cəhdlər var. Elə davranılır ki, sanki, dünənimiz olmayıb və hər şey elə bugündən – 1991-dən sonra başlayıb. 

 

Və bunu bilərəkdən edənlərin əksəriyyəti də elə dünən Sovetlər dövründə eyni cür davranan keçmişi bulaşıq, ləkəli adamlardır - onda ata-babaları önə düşüb eyni həyasızlıq və canfəşanlıqla tariximizi təhrif edir, ziyalılarımızı satır və məhv edir, milli və dini adət-ənənlərimizi itirməyə çalışırdılar, indi də özləri, uşaqları... 

 

Dünən kapitalist Qərbi bəşəriyyətin bütün fəlakətlərinin baiskarı sayıb, Rusiyanı və sosializmi xilaskar kimi öyənlər, tərənnüm edənlərin özləri və övladları indi eyni şövqlə, həvəslə də Rusiyanı tənqid atəşinə tutur, ABŞ-ı, Avropanı bizə nicat qapısı göstərir, mücərrəd Qərb demokratiyasını isə “qüsursuz ideologiya” kimi xalqa sırıyırlar.

 

Dünənin ən qatı “kommunist alimlər”i indi “ən sevilən millətçi və ya demokrat professor”lar libasında auditoriyalarımızda dərs keçir, universitetlərimizə rəhbərlik edir, komsomol təşkilatlarının öncülləri “demokratikləşmə hərəkatı”nın dəyişməz liderləridir, Allahı qandallamaq üçün axtarışa çıxan ateistlərimiz isə molla əbasında və əmmaməsində minbərlərdən xütbə oxuyur, xalqı doğru yoldan azmamağa çağırırlar...

 

Bilirsiniz, niyə?! Çünki bunların əksəriyyətinin öz keçmişlərinə, adət-ənənələrinə, ata-babalarının irslərinə, yaşantılarına hörmətləri, sevgisi olmayıb! Keçmişinə hörməti və əxlaqı olan bu sayaq davranmaz!

 

Odur ki, köksüz, zatıqırıq adlanmamızı istəmiriksə, ata-babalarımızın yaşadıqları ömrün hər səhifəsinə sahib çıxmalıyıq – doğrularıyla da, yanlışlarıyla da onlar bizimdir, biz onlardanıq! 

 

Ata-babalarımızın bizə yaşatdıqları ən qürurlu, şanlı səhifələrdən biri isə, şübhəsiz ki, bu gün sosial şəbəkələrdə sərt tənqid edilən 9 Maydır – Faşizm üzərində qələbənin rəsmləşdiyi tarix! 

 

Bu savaşda həlak olan, itkin düşən, yaralanan, ümumiyyətlə, qələbənin əldə edilməsində rolu olan hər bir azərbaycanlını dərin ehtiramla anır, bu gündən dünənə daş atanları, öz keçmişini vicdansızca qamçılayanları isə qınayırıq! Unutmayaq ki, bu savaşa 600 min nəfərdən çox azərbaycanlı qatılıb və onların 300 mindən çoxu geri dönməyib: ya həlak olub, ya itkin düşüb!

 

İkinci Dünya Müharibəsi dövründə İngiltərənin baş naziri olmuş Uinston Çörçillin belə bir fikri vardı: “Keçmişlə bu gün arasında bir mübarizəyə yer versək, gələcəyimizi itirərik”.

 

Gəlin, keçmişinə savaş açmaqla gələcəyini itirənlərdən olmayaq!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
Mənbələr
Şərh ()
Bağla