AZ

“Dağlarda toy” əməliyyatına 44 gün və 24 saatlıq cavab: Şuşada ermənilər səhvən özlərini “İsgəndər” raketi ilə vurublar...

“Dağlarda

Bakı, 10 noyabr, AZƏRTAC

Tarixə nəzər salsaq, SSSR-nin dağılması zamanı Azərbaycan da bir çox respublikalar kimi müstəqilliyini əldə etmək üçün böyük səylər göstərib. Bundan əvvəl Gülüstan (1813-cü il oktyabrın 12-də) və Türkmənçay (1828-ci il fevralın 10-da) müqavilələrindən sonra İrandan və Türkiyədən Qarabağ bölgəsinin dağlıq hissəsinə kütləvi şəkildə ermənilər köçürülmüşdü. 1923-cü il iyulun 7-də Sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə ona Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə bu hadisə “Dağlıq Qarabağ” adlandırılan əraziyə dair Ermənistanın gələcək iddiaları üçün vasitə olmuşdu. 1921-1991-ci illərdə isə keçmiş DQMV Azərbaycan SSR-nin ayrılmaz tərkib hissəsi olub. XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycanın bu bölgəsinə dair yenidən ərazi iddiaları irəli sürdülər. SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Həmin il mayın 8-də Ermənistan silahlı qüvvələri Qarabağın döyünən ürəyi Şuşa şəhərini ələ keçirdilər. Erməni-rus birləşmələrinin həmin işğal planı “Dağlarda toy” əməliyyatı adlandırılırdı.

Mövzu ilə bağlı Birinci Qarabağ müharibəsinin iştirakçısı, hərbi ekspert, polkovnik-leytenant Bəhruz Rüstəmovun AZƏRTAC-a açıqlamasında səsləndirdiyi fikirləri təqdim edirik.

“Ordumuzun bölmələri beş gün Şuşa istiqamətində piyada hərəkət etdilər”

O bildirib ki, Şuşa şəhərinin işğal olunması nəticəsində “Laçın dəhlizi” adlandırılan yol vasitəsilə Qarabağın çox hissəsinin qanunsuz olaraq Ermənistanla birləşdirilməsi, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırıldı: “Lakin Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Vətən müharibəsi zamanı Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümidlərini, arzu və istəyini reallığa çevirdi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində əvvəlcə Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Oktyabrın ortalarınadək Azərbaycanın Silahlı Qüvvələri Ermənistanı keçmiş Dağlıq Qarabağla birləşdirən Laçın yoluna doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas məntəqələrdən hesab edilən Hadrutu düşməndən təmizlədi. Ermənistan silahlı qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks-hücumlara və Azərbaycan qoşunlarının əsas təminat yolları boyunca pusqular qurmağa başladılar. Oktyabrın 28-30-də Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri (XTQ) əraziyə yeridildi və sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın yolundan keçərək ətraf kəndləri mühasirəyə aldılar. Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada hərəkət etdi. Prezident İlham Əliyev sonralar bunu çıxışlarında hər dəfə vurğulayaraq əsgərlərimizin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərindən danışdı”.

“Şuşada ermənilər səhvən özlərini “İsgəndər” raketi ilə vurdular”

Polkovnik-leytenant Bəhruz Rüstəmov qeyd edib ki, erməni komandanlığı Azərbaycan qoşunlarına “Qırmızı Bazar” ətrafında müqavimət göstərməyi hesablamışdı: “Çünki oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. İkinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan Ordusunun komandanlığı gözlənilməyən qərar verərək Şuşaya sıx Qarabağ meşələrindən yeni yol açdı. Nəticədə bölmələrimiz artilleriya qurğularını Xocalının Çanaqçı kənd ətrafına çəkə bilmişdi.

Azərbaycan dağ piyadalarının uğurlu hücumu qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı. Hərbçilərimiz şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər. Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsinə və onu Laçın şəhəri ilə əlaqələndirən Laçın yolunun əsas hissələrinə nəzarəti təmin etmişdi.

Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Ordumuzun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat apararaq Şuşanın cənubundakı Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər.

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin şəhərin cənub-şərqində, Xocalı rayonu ərazisindəki Qarabulaq və Baharlı kəndlərini işğaldan azad etdiklərini açıqlamışdı.

Silahlı Qüvvələrimiz noyabrın 7-də şəhərə daxil olmuşdu. Ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan kəşfiyyat aparmaq imkanlarını, eləcə də yuxarından zərbə vasitələrindən istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Əlverişsiz hava şəraiti, həmçinin “TB2 Bayraktar” pilotsuz uçuş aparatlarından istifadəyə də mane olurdu. Belə şəraitdə Ermənistan silahlı qüvvələri zirehli – T-72 tanklarından və BMP-2 piyadaların döyüş maşınlarından maksimum istifadə etdilər. Həmin gün səhər 09:00 radələrində Şuşaya Ermənistan tərəfindən azərbaycanlı hərbçiləri hədəfə alaraq “İsgəndər” ballistik raketi atılmışdı. Amma raket şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşdü. Əks-hücuma baxmayaraq, Azərbaycan Ordusunun bölmələri öz mövqelərini qorudular. Şuşa uğrunda döyüşlər nəhayət yaxın məsafədən aparılırdı. Hətta dövlətimizin başçısı Azərbaycan əsgərlərinin yüngül silahlarla təchiz edildiyini bildirib, onların Şuşada ermənilərlə əlbəyaxa döyüşlərdə olduğunu qeyd etmişdi”.

“Xankəndində keçirilən hərbi parad "Qarabağ Azərbaycandır!" ifadəsində nida işarəsi demək idi”

B.Rüstəmov xatırladıb ki, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edib: “Həmin döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam oldu və həm Ermənistan ordusu, həm də daha erməni cəmiyyəti tərəfindən böyük zərbə kimi qiymətləndirildi. Şuşanın azad olunması o demək idi ki, ordumuz onun ətrafındakı digər yaşayış məntəqələrinə də nəzarət edə, düşməni işğal altındakı torpaqlarımızdan çıxarmaq üçün üstün strateji mövqedən istifadə edə biləcək.

Ümumiyyətlə Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ordu quruculuğuna xüsusi diqqət yetirildi. Ulu Öndərin müstəqillik kursunun davamçısı Müzəffər Ali Baş komandan İlham Əliyevin diqqət və səyi nəticəsində Silahlı Qüvvələrimiz gündən-günə inkişaf edir, dünya ordu reytinqinin ön sıralarında yer tutur. Ordumuzun hərbi qulluqçuları öz peşəkarlığını dəfələrlə vacib hərbi əməliyyatlar zamanı sübut ediblər. Vətən müharibəsində əldə edilən Qələbə də Azərbaycan Ordusunun həm təminat və təchizat, həm də peşəkarlıq baxımından yüksək səviyyədə olduğunun bariz göstəricisidir.

Azərbaycan Birinci Qarabağ müharibəsində ümumilikdə 11 mindən çox şəhid, 50 minə yaxın yaralı, 4200-dən çox şəxs hələ də itkin düşmüş sayılır. İkinci Qarabağ müharibəsində isə 3 minə yaxın azərbaycanlı şəhid oldu. Vətən müharibəsində hər şey minimum itki ilə maksimum nəticə əldə etməyə hesablanmışdı. İllərdir ordu quruculuğu sahəsində aparılan islahatlar öz sözünü 2016-cı il Aprel döyüşlərindən başlayaraq deyirdi. Vətən müharibəsindən sonra da ordumuzun, hərbi qulluqçularımızın daha da güclənməsinə, müasir silahlarla təminatına diqqət artırıldı. Nəticədə sonuncu lokal antiterror tədbirləri zamanı bir gün tamam olmadan böyük uğur əldə edildi. Sentyabrın 19-20-də aparılan tədbirlər nəticəsində hazırda üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda məğrurcasına dalğalanır. Xankəndində keçirilən hərbi parad isə "Qarabağ Azərbaycandır!" ifadəsində nida işarəsi demək idi”.

İkinci qrup Qarabağ əlili olan B.Rüstəmov Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ordumuzun bölmələrinin hazırlanmasında fəal iştirak edir. O, əvvəllər Heydər Əliyev adina Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) 17 il müəllim kimi fəaliyyət göstərib. Dərs dediyi və hazırladığı zabit heyəti Vətən müharibəsində öz şücaətləri ilə seçilib. Vətən Müharibəsi Qəhrəmanı adını qazanan zabitlərdən kapitan Ramazan Hudulov onun yetirməsidir.

Seçilən
394
azertag.az

1Mənbələr