2023-cü ilin 1-ci rübü ərzində 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 13,1% (nominal qiymətlərlə) artaraq 7,5 milyard manat olmuşdur.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
İyunun 20-də “Azexport.az” portalı, Rəqəmsal Ticarət Qovşağı və Türkiyənin “ODS Consulting Group” şirkətinin birgə təşkilatçılığı ilə “Rəqəmsal transformasiya və e-ticarət” mövzusunda onlayn Forum keçiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “vergiler.az”a verilən məlumata görə, Forum rəqəmsal transformasiya və elektron ticarətin yaratdığı imkanların, Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsinin və ixracın təşviqi məqsədini daşıyır.
Forumda iki ölkənin bu sahədə olan təcrübəsi, “Alibaba.com” saytının ixrac imkanları, məhsuldarlığının artırılması yolları, onlayn satışda rəqəmsal həllərin tətbiqi, süni intellektin e-ticarət əməliyyatlarında rolu və sair mövzulara toxunulacaq.
Forumda iştirak etmək üçün https://training.ereforms.org/ saytında qeydiyyatdan keçmək lazımdır.
Bu ilin yanvar-aprel aylarında Özbəkistan Azərbaycana 6,2 milyon ABŞ dolları dəyərində trikotaj məmulatları ixrac edib.
"vergiler.az" xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı ölkənin Statistika Agentliyinə istinadən yazır.
Bildirilir ki, cari ilin ilk dörd ayında trikotaj ixracının ümumi dəyəri 102,9 milyon dollar təşkil edib və bu məhsulun 87,8 faizi əsasən beş ölkəyə tədarük edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 12,2 milyon dollar artıb.
Hesabat dövründə ümumi ixrac dəyərinin 31,9 faizi və ya 32,8 milyon dolları Rusiyanın, 27,9 faizi (28,7 milyon dollar) Qırğızıstanın, 16,7 faizi (17,2 milyon dollar) İtaliyanın, 6 faizi (6,2 milyon dollar) Azərbaycanın, 5,3 faizi isə Belarusun (5,5 milyon dollar) payına düşüb.
“Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə ölkələrimiz arasında mövcud əlaqələr, iqtisadi münasibətlərin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Dünya Bankı 2023-cü ildə Azərbaycanda ÜDM-in 2,2 faiz artacağını proqnozlaşdırır.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatında bildirilir.
Bank analitikləri yaxın iki ildə ölkəmizin iqtisadi artımının daha da sürətlənəcəyini və müvafiq olaraq 2,5 faiz və 2,6 faiz təşkil edəcəyini gözləyirlər.
Hesabatda qlobal iqtisadi artımın kəskin şəkildə yavaşladığı, inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan iqtisadiyyatlarda yüksək qlobal faiz dərəcələri fonunda maliyyə gərginliyi riskinin artdığı qeyd olunur.
Qlobal iqtisadi artımın 2022-ci ildəki 3,1 faizdən 2023-cü ildə 2,1 faizə qədər yavaşlaması proqnozlaşdırılır. Çin istisna olmaqla, ölkələr üzrə bu il artımın 2,9 faizə qədər yavaşlaması gözlənilir (ötən il bu göstərici 4,1 faiz təşkil edib). Proqnozlar hesablamalara geniş miqyasda aşağıya doğru yenidən baxılmasını əks etdirir.
Bu il Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” proqramının 5 yaşı tamam olur.
Agentlikdən “vergiler.az”a verilən məlumata görə, 2023-cü ilin ötən dövründə “KOB könüllüləri” proqramına 60, indiyədək isə 600-ə yaxın gənc qoşulub.
Fəaliyyətə başladığı ilk gündən KOBİA-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. “KOB könüllüləri” proqramı gənclərə, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan gənclərə müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur. “KOB könüllüləri” KOBİA-nın inzibati binasında, KOB dostu ofislərində, KOB evlərində və qurumun digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak edirlər. 2 ay davam edən könüllü fəaliyyətini müqavilə öhdəliklərinə uyğun olaraq uğurla başa vuran gənclərə KOBİA tərəfindən sertifikatlar verilir ki, bu da onların iş həyatına uğurlu keçidinə fürsət yaradır.
Könüllü fəaliyyəti, həmçinin, Agentlikdə işlə təmin olunmaq üçün də imkan yaradır. KOBİA-da könüllü olan gənclərdən 2-si cari il ərzində, indiyədək isə ümumilikdə 14 nəfər Agentliyin müxtəlif struktur bölmələrində işlə təmin edilib.
“KOB könüllüləri” proqramına qoşulmaq istəyən gənclər KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində "KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçməlidir. Bu bölməyə daxil olan müraciətlər dəyərləndirilir və könüllülərə dair seçim meyarlarına uyğun gələn namizədlər könüllü fəaliyyəti üçün dəvət olunurlar.
Nazirlər Kabinetinin Qərarı ilə “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi Qaydası” təsdiq edilib. Yeni qayda işğaldan azad edilmiş ərazilərdə dövlət büdcəsindən maliyyə yardımının ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
Qərarı “vergiler.az”a şərh edən iqtisadçı Eldəniz Əmirov bunun sahibkarlar üçün çox vacib olduğunu vurğulayıb. O, vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, məşğulluğun təmin olunması da mühümdür.
“Bunun üçün mütləq həmin bölgələrdə sahibkarlıq fəaliyyətinin yaradılması və inkişaf etdirilməsi zəruridir. Ona görə də Vergi Məcəlləsində həmin ərazilərdə iqtisadi fəaliyyətin təmin olunması üçün bir sıra güzəştlər nəzərdə tutulur. Onlardan biri də işğaldan azad edilmiş ərazilərin rezidentlərinin 2023-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak, torpaq, mənfəət, gəlir, sadələşdirilmiş və əlavə dəyər vergilərindən azad edilməsidir.”, - E.Əmirov qeyd edib.
E.Əmirov sahibkarlara kommunal xidmətlərə görə güzəşətlərin verilməsi ilə bağlı Prezidentin Nazirlər Kabinetinə xüsusi tapşırığının olduğunu xatırladıb. “Yəni dövlət tərəfindən bütün mümkün variantlara əl atılır ki, sahibkarlar həmin ərazilərdə fəaliyyət göstərməkdə maraqlı olsunlar. Nəzərə alsaq ki, vətəndaşlar təbii qaz, su, elektrik enerjisi sərfiyyatı üçün xərcləri fərqli tariflərlə ödəyirlər. Sahibkarlar üçünsə həmin tariflər daha yüksəkdir. Buna görə də bu tip güzəştlər birmənalı olaraq sahibkarlar üçün çox əhəmiyyətlidir”.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi daşıyır.
Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Rolande Prays ilə qurumla ölkəmizin əməkdaşlığının gündəliyində olan məsələləri nəzərdən keçirdik:
2023-2028-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinin formalaşdırılması;
Ölkəmizlə Dünya Bankı arasında investisiya layihələrinin icra vəziyyəti;
Birgə təşəbbüslər üçün potensial imkanlar.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
Hazırda Azərbaycanda 250 mindən çox sahibkar qadın qeydiyyata alınıb.Onların fəaliyyəti üçün kosmetika, tibb, tekstil, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı kimi sahələr daha səciyyəvidir. “Qranit QP”MMC-nin təsisçisi və direktoru Rübabə Mürşüdova isə qadınlar üçün ənənəvi sayılmayan sahədə uğurlu biznes qurmağa müvəffəq olub.
R.Mürşüdovanın şirkəti dağ-mədən sahəsində qazma-partlayış işləri görür. Özünün də dediyi kimi, şirkət yeni gözəlliklər yaratmaq üçün nələri isə “dağıdır”. Əsas işləri yataqlardan ilkin xammal çıxarmaqdır. Sement zavodları üçün ilkin xammal, gips materialları, filiz təmin edirlər. Bundan əlavə, inşaat meydanlarında, yolların, tunellərin çəkilişində, dağ massivlərində işləyirlər.
R.Mürşüdova bildirib ki, işğaldan azad olunmuş torpaqlarda ilk gündən infrastrukturun yenidən qurulmasında, tunellərin, yolların çəkilişində, daş və çınqıl çıxarılmasında, dəmir yollarının və hava limanının, “Zəfər yolu”nun tikintisində iştirak ediblər. “Fəxr edirəm ki, bizim şirkətin işçiləri Qarabağda ilk gündən çox böyük fədakarlıqla işə başlayıblar. Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın, Ağdam-Füzuli, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının, Horadiz-Ağbənd dəmir yolunun, Cəbrayılda, Hadrutda avtomobil yollarının tikintisində qazma-partlayış işlərini biz həyata keçirmişik”.
R.Mürşüdova qeyd edib ki,dövlət onun fəaliyyətinə hər zaman dəstək verib: “Dövlət hər zaman sahibkarın dayağı olub. İqtisadiyyat Nazirliyinə, onun ayrı-ayrı qurumlarına, xüsusisilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bəzi məsələlərin həlli ilə əlaqədarmüraciətlərim olub və həmişə müsbət həll olunub. Fəaliyyətimizi genişləndirmək üçün Sahibkarlığın İnkişafı Fondundan güzəştli şərtlərlə 200 min manat kredit almışıq və bu vəsait şirkətin maliyyə dövriyyəsinin artmasına imkan verib”.
2011-ci ildə şirkət fəaliyyətə yeni başlayanda dağ-mədən sahəsində kadrların hazırlanması, yeni iş yerlərinin açılması, xaricdən texnikaların gətirilməsi üçün çox böyük vəsait tələb olunurdu. “Bunun üçün bank kreditlərindən istifadə etmişəm. İndi görürəm ki, illər öncə o vəsaiti dövlətdən almış olsaydım, daha böyük işlər görə bilərdim. Bu illər ərzində həm gömrük, həm vergi, həm də bank sistemində nə qədər yeniliklər olub. Bir sahibkar kimi bu dəyişikliklərə çox sevinirəm.
Əvvəl kredit götürmək üçün girov tələb olunurdu. İndi girovsuz kreditlər verilir, üstəlik, faizlər də aşağıdır. Biz şirkətin adını yüksəltmək üçün çox çətin və uzun bir yoldan keçdik. Dövlətdən aldığımız kredit isə yeni bir işin başlanğıcıdır”…
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılıb.
Agentlikdən “vergiler.az”a verilən məlumata görə, məhsul yığımı aqroparkın ilk rezidenti “İSFA” MMC-nin təsərrüfatında aparılır. Müəssisənin əkin sahəsinin 40 hektarını meyvə bağları, 20 hektarını isə tingçilik təsərrüfatı təşkil edir. Meyvə bağının 8 hektarında ərik, 16 hektarında isə şaftalı və nektarin ağacları əkilib. Hazırda təsərrüfat sahəsində “Perfect red” ərik sortunun, “Plagold 11” şaftalı sortunun, “Gartairo nektarin” çeşidinin yığımı həyata keçirilir.
Bundan başqa, hazırda “İSFA”-nın tingçilik təsərrüfatının 10 hektarında gilasın 15, şaftalı və nektarinin 23, badamın 7, almanın 6, xurmanın 2, əriyin 4, gavalının 5, alçanın 3, armudun 2, qozun 2 çeşidi yetişdirilir.
Müəssisə tərəfindən aqroparka bugünədək 1 milyon manatdan çox investisiya yatırılıb.
Qeyd edək ki, Pilot Aqroparkda ümumi investisiya həcmi 26 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və hazırda rezidentlər tərəfindən 130 hektardan çox ərazidə əkin işləri aparılıb. Bunun da 102 hektarını meyvə bağları, 20 hektarını tərəvəz, 10 hektarını isə tingçilik təşkil edir.
Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1187 hektarlıq hissəsini parsellərə bölünən sahələr, 1297 hektarını 3000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksinin yem təminatı zonası, şəkər çuğunduru, pivəlik arpa və pambıqçılıq sahəsi, 141 hektarını isə emal və sosial zona təşkil edəcək.
Layihələrin reallaşması nəticəsində 90 nəfərlik daimi, 192 nəfərlik isə mövsümi iş yeri yaradılacaq.
Portuqaliya hökuməti bu aydan 100-ə qədər şirkətdə dördgünlük iş həftəsinə keçmək üçün pilot layihənin tətbiqinə başlayıb.
Ölkənin əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo bəyan edib ki, iyunun 5-dən qüvvəyə minmiş sərəncama əsasən, işəgötürənlər və könüllü iştirak etmək istəyən işçilər üçün əməkhaqqına təsir etmədən həftəlik iş günlərinin sayının dördə endirilməsi təcrübəsi tətbiq olunur.
Nazirlikdən verilən məlumata görə, həftəlik iş saatlarının 40-dan 32-yə azaldılmasını əhatə edən bu proqram ümumilikdə 350 min avroya başa gələcək və proqramla bağlı büdcəni Məşğulluq və Peşə Təhsili İnstitutu təmin edəcək.
Pilot proqramda iştirak edən şirkətlər dördgünlük iş həftəsi təcrübəsindən əvvəl, təcrübə zamanı və təcrübədən sonra şirkətin məhsuldarlığı, aralıq xərcləri, işçilərin rifahı kimi məsələlərlə bağlı məlumatları nazirliklə paylaşaraq hesabat hazırlayacaqlar.
Portuqaliya hökuməti pilot proqramda iştirak edən şirkətlər və işçilər qarşısında hər hansı məcburi şərt qoymur, layihədə iştirak üçün işəgötürənlərə və işçilərə heç bir üstünlük və ya subsidiya verilmir.
Qeyd edək ki, COVİD-19 epidemiyasından sonra – 2022-ci ilin noyabr ayında Avropada gündəmə gələn dördgünlük iş həftəsi təcrübəsini ilk sınaqdan keçirən ölkə Belçika olub.
İsveç və Finlandiya kimi bəzi Şimali Avropa ölkələrində də bu cür proqramlar tətbiq olunur, İspaniya isə 2023-cü ilin əvvəlində 41 sənaye şirkətində dördgünlük iş həftəsinə keçidin sınaqlarına başlayıb.
İspaniyada hökumət şirkətləri dördgünlük iş həftəsi rejiminə təşviq etmək üçün onlara 200.000 avroya qədər yardım ayırır.
Portuqaliya hökuməti dördgünlük iş həftəsini ayrı-ayrı sektorlarda sınaqdan keçirdiyi halda, İspaniyada bunun bütün sektorlar üçün keçərli olub-olmayacağı barədə müzakirələr hələ davam edir.
Mənə bələdiyyə tərəfindən göndərilmiş əmlak vergisi borcu haqqında bildirişdə vergi mənzilin yaşayış sahəsinə deyil, yardımçı sahə də daxil olmaqla ümumi sahəsinə əsasən hesablanıb. Bu, düzgündürmü?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektini təşkil edir.
Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.
Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.
Mövzunu “vergiler.az”a “Business Service Centre” şirkətinin Maliyyə və Mühasibat işləri üzrə layihə rəhbəri Nahid İbrahim şərh edir.
Vergi Məcəlləsinin 102.1.7.maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsinə görə gəlir vergisindən azadolma tətbiq edilir.
Misal 1. Vergi ödəyicisi olmayan şəxs istifadə etdiyi şəxsi avadanlığı vergi ödəyicisinə təqdim edir, proses elektron alış aktı ilə rəsmiləşdirilir. Bu halda vergi ödəyicisi ödəmə mənbəyində vergiyə cəlb olunmur və vətəndaşın vergi uçotuna alınması tələb edilmir.
Qeyd edək ki, vergi ödəyicisi ona təqdim edilən əmlakın vətəndaşa aid olması ilə bağlı mülkiyyət sənədi tələb edə bilər.
İlin əvvəlindən etibarən Rusiyanın Saratov vilayətindən Azərbaycana 116,3 min ton ərzaqlıq buğda ixrac edilib.
"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, Azərbaycan regiondan taxıl məhsulları idxal edən beş əsas ölkədən biridir.
Ümumilikdə, ilin əvvəlindən Saratov vilayətindən 315,8 min ton dənli, paxlalı, yağlı və texniki bitkilər, o cümlədən 44,3 min ton taxıl emalı məhsulları ixrac edilib.
Ən çox məhsul tədarükləri Qazaxıstanın - 130,6 min ton (buğda, zəfəran, noxud, un), Azərbaycanın - 116,3 min ton (ərzaqlıq buğda), İranın - 28,1 min ton (yemlik qarğıdalı), Latviyanın - 25,6 min ton (yem) və Əfqanıstanın - 14,9 min ton (ərzaqlıq buğda və noxud) payına düşüb.
Ümumilikdə Saratov vilayətindən 29 ölkəyə ixrac əməliyyatları həyata keçirilib.
Tbilisidə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, sənəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində iki ölkənin müvafiq qurumları arasında əlaqələrin qurulmasını, gələcəkdə bu sahədə əməkdaşlığın genişləndirilməsini, qanunvericiliklə bağlı təcrübə mübadiləsinin aparılmasını özündə ehtiva edir.
Nazirlər Kabinetinin Qərarına əsasən, “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası” təsdiq edilib.
Qərar “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi daşıyır.
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə Qərara uyğun olaraq maliyyə yardımı alan işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların uçotunun aparılmasını təmin etsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Azərbaycan istehsalçılarına məhsullarını Rusiyanın aparıcı pərakəndə satış şəbəkələrindən biri sayılan "X5 Group"un xüsusi rəflərində təqdim etmək təklif olunur.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, "MDB-nin İqtisadi İnkişafı üzrə Biznes Mərkəzi" Assosiasiyasının Rusiyanın aparıcı pərakəndə satış şəbəkələrindən biri olan "X5 Group" ilə imzaladığı malların rəflərə sadələşdirilmiş çıxışı hesabına keyfiyyətli məhsul çeşidinin artırılması haqqında razılaşmaya əsasən, Assosiasiya MDB ölkələrindən olan məhsulların brendləşmiş rəflərini təşkil edir.
Rəflər kassa zonasında, maksimum istehlakçı aktivliyi müşahidə olunan yerlərdə yerləşir. Brendləşmiş rəfdə məhsulların qalma müddəti 90 gündür. Sözügedən müddətin nəticələrinə görə, istehsalçı ilə pərakəndə satış şəbəkəsi arasında birbaşa müqavilə imzalanması barədə qərar qəbul olunacaq.
Qeyd edək ki, xüsusi beynəlxalq proqramda iştirak etmək üçün məhsulları sözügedən rəflərdə təqdim olunacaq 20 istehsalçı seçiləcək. Proqramda iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Orxan Mustafayev;
Tel.: (+994 12) 598-01-47 / 48 (daxili 3665);
E-mail: orkhan.mustafayev@azpromo.gov.az.
"X5 Group"un Azərbaycanla kənd təsərrüfatı sektorunda tərəfdaşlığın perspektivlərini əks etdirən analitik təqdimatla qeyd olunan səhifədən (https://u.to/gEm2Hw) tanış olmaq olar.
8-10 iyun tarixlərində “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunacaq.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərginin başlıca üstünlüyü iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır.
Sərgi çərçivəsində, həmçinin, “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” və “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzularında panel müzakirələr təşkil olunacaq, ikitərəfli görüşlər keçiriləcək.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bina barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.
Binanın hündürlüyü olan 12 metr foyesində “Əbədiyyət” kompozisiyası nümayiş olunur. Kompozisiyanın müəllifi rəssam-heykəltəraş Rəşad Mehdiyevdir.
Üç hissədən ibarət olan kompozisiyanın rəmzi motivi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirir.
Kompozisiyada Azərbaycan xalqının həyat fəlsəfəsinə uyğun əbədi dəyərləri, qalib insan ruhunu, zəhməti və bərəkəti, dayanıqlılığı nümayiş etdirən ideyalar əksini tapıb. Mərkəzdə Heydər Əliyevin büstü olan kompozisiyada ağacın budaqları səmaya və sonsuzluğa doğru ucalır. Kufi üslubunda xüsusi bir nizamla yaradılan şəbəkə səmanı ifadə edir. Səmada Ümummilli Liderin anadan olmasının 100 illiyini əks etdirən 100 ulduz parlayır.
Ağacla bərabər səmaya ucalan sütunlar ərzaq təhlükəsizliyinin dayanıqlılığını təcəssüm edir. Ağacın budaqları kompozisiyanın sağına - qələbə və sülhün bərqərar olduğu bərəkətli torpaqlar əks edilmiş rəsmə doğru uzanır. Yağlı boya ilə işlənən əsərdə əzəmətli dağın və geniş buğda zəmisinin üzərindən səmaya doğru pərvazlanan göyərçinlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni müjdələyir.
“Əbədiyyət” kompozisiyasının sol hissəsində torpaqlarımızda yetişən nemətləri təqdim edən insan əlləri heykəli əks etdirilib. Bərəkət və zəhməti təcəssüm etdirən əllər ağacın budaqlarından qidalanır.
Qeyd edildi ki, burada Ümummilli Liderə həsr olunan xüsusi “Heydər Əliyev-100” guşəsi də yaradılıb. Bu il xalqımız müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ulu Öndərin Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı gördüyü işlər guşədə geniş əks olunub.
Nazirliyin yeni binası ilə tanışlıq zamanı qeyd olundu ki, 215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var. Diqqətə çatdırıldı ki, ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.
Qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, aqrar sığorta mexanizminin tətbiqi aqrar sahənin dinamik inkişafına müsbət təsirini göstərir. Bunun nəticəsidir ki, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,4 faiz artıb. Artım dinamikası 2023-cü ilin ilk dörd ayında da qorunub saxlanılıb. Həmin müddətdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım qeydə alınıb.
Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi, aqrar sahədə rəqəmsallaşma səviyyəsinin ildən-ilə artmasını təmin edir. Aqrar sahəyə dair müasir innovasiyalar və texnologiyalara, texnoloji yeniliklərə, kənd təsərrüfatı texnikasına, damazlıq heyvanlara əlçatanlığın təmin edilməsi, gübrə bazarının liberallaşdırılması sağlam rəqabət mühitinin formalaşmasına səbəb olub. Məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixrac potensialını yüksəldib. Belə ki, ötən il ölkəmizdən xarici bazarlara 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. İxracın həcmi əvvəlki illə müqayisədə 1 faiz artıb. (AZƏRTAC)
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 213:2023 (ДСТУ 4135-2021) “Konfetlər. Ümumi texniki şərtlər”, AZS 439:2023 (ДСТУ 3893-2016) “Karamel. Ümumi texniki şərtlər” və AZS 460:2023 (ДСТУ 4228-2021) “Draje. Ümumi texniki şərtlər” dövlət standartları qəbul edilib.
İnstitutdan “vergiler.az”a verilən məlumata görə, AZS 213:2023 (ДСТУ 4135-2021) “Konfetlər. Ümumi texniki şərtlər” forma və dad baxımından fərqlənən bir və ya bir neçə konfet kütləsindən şəkər və ya şəkər əvəzediciləri əsasında hazırlanmış qənnadı məmulatlarına şamil edilir.
AZS 439:2023 (ДСТУ 3893-2016) “Karamel. Ümumi texniki şərtlər” pərakəndə satış şəbəkəsində satış üçün nəzərdə tutulmuş, müxtəlif forma və dadlı, şəkər siropunun nişasta və ya maltoz şərbəti və ya invert siropu və digər analoji xammal ilə qaynadılması yolu ilə hazırlanmış şəkərli qənnadı məmulatına - karamelə aid edilir.
AZS 460:2023 (ДСТУ 4228-2021) “Draje. Ümumi texniki şərtlər” draje - yuvarlaq və ya digər formalı, kiçik ölçülü, yuvarlanmış örtüklü şəkərli qənnadı məmulatına şamil edilir.
Standartlar “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 33) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni dövlət standartları qüvvəyə mindiyi tarixdən (23.05.2023) AZS 213-2006 “Konfetlər. Ümumi texniki şərtlər”, AZS 439-2010 “Karamel. Ümumi texniki şərtlər”, AZS 460-2010 “Draje”. Ümumi texniki şərtlər” dövlət standartları qüvvədən düşmüş hesab edilir.
“vergiler.az” mövzu ilə bağı əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilovun şərhini təqdim edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarının 12-ci maddəsinə əsasən, növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən, işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.
Yəni məzuniyyətdə olduğu zaman əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər işçinin qalıq məzuniyyət günlərinə əlavə edilir. Həmin məzuniyyət günləri, Əmək Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulduğu kimi, işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər. Məzuniyyət dövründə əmək qabiliyyətini itirdiyi iş günlərinə görə işçiyə əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödənilir.
Misal 1: İşçi 1 dekabr 2022-14 dekabr 2022-ci il tarixləri arasında məzuniyyətə çıxıb və 8 dekabrdanəmək qabiyyətini müvəqqəti itirib. 21 dekabrda işə çıxan işçinin cari işçi ili üçün 16 gün məzuniyyət günü qalıb. Bu halda məzuniyyət və müavnət məsələlərinin necə tənzimlənəcəyinə baxaq:
İşçi 21 dekabrda işə qayıtdığı zaman təqdim olunmuş əmək qabiliyyətinin itirilməsi vərəqəsinə əsasən, 8 dekabrdan 14 dekabra qədər 7 təqvim günü onun qalıq məzuniyyət günlərinə əlavə olunacaq və məzuniyyət günlərinin sayı 23 gün (16+7) olacaq. Həmin məzuniyyət günlərini işçi işəgötürənin razılığına əsasən, 21 dekabrdan etibarən və ya başqa vaxta keçirilərək istifadə edə bilər.
8 dekabrdan 21 dekabra kimi olan 14 gündəki iş günləri üçün isə işçiyə nəzərdə tutulmuş formada əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödəniləcək.
Bəs ödənişsiz məzuniyyətdə olan işçi əmək qabiliyyətini müvəqqəti itirərsə, ona əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödənilirmi?
Nazirlər Kabinetinin 1998-ci 15 sentyabr tarixli 189 nömrəli qərarının 13-cü maddəsinə əsasən, əməkhaqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əməkhaqqı saxlanılmadan məzuniyyətdən və ya uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verllir.
Misal 2: 1 noyabr 2022-ci ildən 14 noyabr 2022-ci ilədək ödənişsiz məzuniyyətdə olan işçi 5 noyabdan əmək qabiliyyətini müvəqqəti itirib. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı 14 noyabr 2022-ci ilədək sona çatarsa, işçiyə müavinət ödənilməyəcək. Əgər 14 noyabr 2022-ci ildən sonra da əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı davam edərsə, 14 noyabrdan etibarən əmək qabiliyyətinin itirililməsinə görə müavinət ümumi əsaslarla ödəniləcək.
Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı