“Fənərbaxça” daha öncə qatılmayacağını açıqladığı futbol üzrə Türkiyə Kubokunun 2024/2025 mövsümündə iştirak etməyə qərar verib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç keçirdiyi mətbuat konfransında bildirib:
“Türkiyə Kubokunun oyunlarında iştirak edəcəyik. Meydana U-19 komandası ilə deyil, baş məşqçimizin uyğun hesab etdiyi heyətlə çıxacağıq. İşlər qaydasında getməzsə, geri çəkilmək hüququmuz var”, – deyə o söyləyib.
“Fənər” Türkiyə Kubokunun cari mövsümünün qrup mərhələsi çərçivəsində “Qaziantep”, “İstanbulspor”, “Kasımpaşa”, “Göztəpə” və “Ərzurumspor”la bir qrupa düşüb. İstanbul təmsilçisi ilk oyununu sabah “Kasımpaşa”ya qarşı keçirəcək.
Xatırladaq ki, “Fənərbaxça” ötən il Türkiyə Futbol Federasiyasına ölkə kubokunda iştirak etməməklə bağlı məktub ünvanlamışdı.