EN

Deputat: İnkişafının yeni mərhələsində inamla addımlayan Azərbaycan 2024-cü ili böyük və tarixi uğurlarla yola saldı

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz 2024-cü ili böyük və tarixi uğurlarla yola saldı. Yanvarın 7-də dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın əldə etdiyi uğurlara, regionda və dünyada baş verən proseslərə ətraflı nəzər salaraq, bir sıra məsələlərlə bağlı ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

Uzun illərdir ölkəmizdə aparılan ardıcıl iqtisadi islahatların, qeyri-neft sektorunun inkişafı, müasir texnoloji yeniliklərə əsaslanan sənaye müəssisələrinin yaradılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini qeyd edən deputat bildirib ki, ötən il dünyada baş verən gərginliklər fonunda ölkəmizdə ümumi daxili məhsulun 4 faizdən çox artması, qeyri-neft sənaye sektorunda artımın 7 faizi üstələməsi Azərbaycanın artan iqtisadi qüdrətinin göstəricisidir.

“Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına, viran qoyulmuş şəhər, qəsəbə və kəndlərimizin yenidən qurulmasına ciddi vəsait sərf edir. Buna baxmayaraq, ötən il valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatdırılıb. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi, əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir”, - deyən deputat bildirib ki, ötən ilin sonlarında Azərbaycan tarixinin ən böyük həcmli büdcəsi qəbul edildi.

Əhalinin sosial rifah halının davamlı şəkildə yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını bildirən deputat qeyd edib ki, Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edildi, həmçinin cari ildə ölkə başçısının imzaladığı Sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 15 faiz artırıldı. Əlbəttə ki, ölkəmizin iqtisadi imkanları artdıqca ilk növbədə əhalinin rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutan tədbirlər həyata keçirilir.

Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfələr verdiyini söyləyən Mircəlil Qasımlı bildirib ki, hazırda 10-u Avropa ölkəsi olmaqla, ümumilikdə 12 dövlətə Azərbaycan qazı çatdırılır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə tərəfdaşlarla birgə icra olunan Cənub Qaz Dəhlizi bu gün özünün iqtisadi faydalarını verməkdədir.

“Əlbəttə ki, 2024-cü ildə ölkəmizin mötəbər COP29 tədbirinə uğurla ev sahibliyi etməsi müasir Azərbaycan tarixinə ən önəmli hadisələrdən biri kimi yazıldı. Ölkəmiz cəmi 11 ay ərzində bütün təşkilati məsələləri uğurla həll etdi. Elə bu səbəbdəndir ki, COP29 ilə bağlı cəmi 10 şikayət daxil oldu və onlar da dərhal həllini tapdı. Bütün dünya növbəti dəfə Azərbaycanın gücünün, yüksək təşkilatçılıq bacarığının şahidi oldu. Təəssüflər olsun ki, ölkəmizin uğurlarını həzm edə bilməyən bəzi dairələr yenə də öz çirkin əməllərinə əl atdılar. COP29-u boykot etmək cəhdləri oldu. Lakin bütün bu cəhdlər, şər, böhtan kampaniyaları hər zaman olduğu kimi bu dəfə də uğursuzluğa düçar oldu. COP29 çərçivəsində səksən dövlət və hökumət başçısının ölkəmizə səfəri Azərbaycana olan inamın, ölkəmizin yüksək nüfuzunun göstəricisidir”.

Mircəlil Qasımlı bildirib ki, ötən il əldə olunmuş uğurlardan bəhs edərkən təbii olaraq Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsi xüsusi qeyd olunmalıdır. Ölkə başçısının qətiyyətli iradəsi, Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan parlaq zəfərlər Qazax rayonunun dörd kəndinin də azadlığa qovuşmasını şərtləndirdi.

Deputat vurğulayıb ki, bu gün Ermənistanın davamlı şəkildə silahlandırılması region üçün ciddi təhdid yaradır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Ermənistanın silahlanma yarışı bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Əlbəttə ki, bu təhdid olmasa idi, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına 4 milyard manat deyil, daha böyük məbləğdə vəsait ayrıla bilərdi. Ölkəmiz haqlı olaraq, cari büdcədə müdafiə və təhlükəsizlik xərclərinə 8.4 milyard manat ayırıb. Azərbaycanın dəfələrlə sülhə sadiqliyini bəyan etdiyini vurğulayan deputat deyib: “Prezident İlham Əliyev müsahibəsində bir daha bildirdi ki, Azərbaycan sülh istəyir. Lakin Ermənistan və onun havadarları sülh istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar”.

Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın dəyişməz mövqeyini bir daha bəyan etdi: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”. Əlbəttə ki, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən yolun olması Ermənistan ilə yanaşı, bəzi dairələri də ciddi narahat edir. Onlar Ermənistanı Azərbaycan ilə Türkiyə arasında coğrafi maneə olaraq saxlamaq istəyirlər. Lakin onlar buna nail olmayacaqlar, bu dəhliz açılacaq, onun istifadəyə verilməsi isə ölkəmizlə yanaşı, regionun inkişafına böyük fayda verəcək.

Mircəlil Qasımlı diqqətə çatdırıb ki, Qərbi azərbaycanlıların təhlükəsiz şəraitdə öz tarixi torpaqlarına qayıtmaları ilə bağlı məsələnin beynəlxalq gündəliyə salınması ölkəmizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir.

“Ötən il qazanılan uğurlar bir daha Azərbaycanın doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirdi. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə də Azərbaycan böyük uğurlara imza atacaq”, - deyə deputat vurğulayıb.

Chosen
4
azertag.az

1Sources