Hindistanın Tamil Nadu ştatında yerləşən Auroville (və ya “Auraville”) şəhəri unikallığı ilə dünyada məşhurdur. Bu şəhər 1968-ci ildə Şri Aurobindonun ruhani təlimlərini izləyən Mirra Alfassa (adıyla tanınan “Ana”) tərəfindən təsis edilib. Auroville-in açılış mərasimində 124 ölkədən beş mindən çox insan iştirak edib.
Auroville dünyada hər ölkənin öz torpağını təqdim etdiyi yeganə şəhərdir. Açılış mərasimində hər ölkədən gətirilən torpaq xüsusi bir urna içində qarışdırılmışdır. Auroville’in əsas məqsədi beynəlxalq birlik yaratmaqdır. Şəhər bütün millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan insanların bir arada, harmoniya və sülh içində yaşaması üçün bir model qurmaq ideyasını güdür.
Maraqlıdır ki, Auroville sakinləri maddi qazanc güdmədən, könüllü iş prinsipi ilə fəaliyyət göstərirlər. Şəhərin mərkəzi dizaynı bir spiral forma şəklindədir və kosmosu simvolizə edir.
Şəhərin əsas xüsusiyyətləri aşağıdakılardır:
1. Qlobal şəhər – Auroville, UNESCO və Hindistan hökuməti tərəfindən dəstəklənir və 60-dan çox ölkədən gələn insanlar burada yaşayır.
2. Ruhani Mərkəz – Matriman şəhərin ürəyi kimi qəbul edilir və qızılı günbəz formasında böyük bir meditasiya mərkəzidir. Burada sükut və introspeksiya üçün şərait yaradılır.
Bu bina ruhani bir məkan hesab edilir, amma dini ibadət üçün istifadə olunmur. Burada insanlar sükut və daxili introspeksiya üçün toplaşırlar. Heç bir dini simvol və ya ayin burada icra edilmir.
Aurovilledə heç bir spesifik din yoxdur, və bu, onun qurulma fəlsəfəsinin mühüm bir hissəsidir. Şəhər bir dini və ya ideologiyanı təbliğ etmir. Bunun əvəzinə, bütün dinlərə, inanclara və fəlsəfələrə açıqdır və insanların fərdi ruhani yollarını tapmasını təşviq edir.
Dini Mərkəzdə əsas yanaşmalar belədir:
Fərdi ruhaniyyət – Hər bir şəxs öz fərdi ruhani yolunu tapa bilər.
Dinlərin təqdir edilməsi – Bütün dinlərə hörmət edilir, amma heç bir din üstün tutulmur.
Dünyəvilik və harmoniya – Qəsəbədə insanların bir-birinin dini və ya fəlsəfi inanclarını müzakirə etmədən, sülh içində yaşaması əsas hədəfdir.
3. Qanunlar və idarəetmə – Auroville Hindistanın rəsmi qanunlarına tabedir, amma daxili idarəetməsi kollektiv qərar qəbul etmə prinsipləri ilə aparılır.
4. Puldan minimal istifadə – Auroville şəhərinin əsas prinsiplərindən biri puldan mümkün qədər az istifadə etməkdir. Bunun əvəzinə, şəhərdə resurs paylaşımı və barter sisteminə bənzər alternativlər tətbiq olunur. Auroville-də insanlar arasında maddi mənfəətdən çox, əməkdaşlıq və yardımlaşma ön plandadır.
Bu necə işləyir?
Kredit sistemi: Şəhər sakinlərinin öz bank hesabları və ya yerli “Aurocard” kartları olur. Bu kartlarla şəhər daxilində yemək, geyim, xidmətlər və s. əldə etmək mümkündür. Nəticədə, fiziki puldan istifadə ehtiyacı azaldılır. Auroville-də yaşamaq istəyən bir nəfər üçün orta aylıq xərclər təxminən 100-200 dollar civarındadır, bu da təhsil, yemək və yaşayış xərclərini əhatə edir.
Resursların ümumi istifadəsi: Bəzi ehtiyaclar kollektiv şəkildə qarşılanır. Məsələn, yaşayış yerləri, təhsil və müəyyən xidmətlər pulsuz və ya çox az xərclə təmin edilir.
Könüllü iş və töhfə: Auroville sakinləri öz bacarıqları və vaxtları ilə şəhərə töhfə verirlər. Əmək əvəzində maddi qazanc deyil, yaşayış ehtiyacları qarşılanır.
Auroville-də 170-dən çox layihə və müəssisə fəaliyyət göstərir. Bunlara kənd təsərrüfatı, sənətkarlıq, təhsil, alternativ enerji və texnologiya daxildir.
Burada 160 hektar ərazidə üzvi kənd təsərrüfatı aparılır, sakinlərin qida ehtiyaclarının təxminən 50%-i yerli olaraq qarşılanır.
Şəhərin illik büdcəsinin təxminən 40%-i beynəlxalq ianələrdən və Hindistan hökumətindən gəlir.
Qeyd edək ki, Auroville-də istifadə olunan enerjinin təxminən 50%-i günəş və külək enerjisindən əldə edilir. Şəhər yağış sularını toplamaq üçün xüsusi sistemlər quraraq ildə 15 milyon litrdən çox suyu təkrar emal edir.
5. Ekoloji Layihələr: Auroville davamlı inkişaf modeli əsasında qurulub. Şəhərdə ekologiya, bərpa olunan enerji, üzvi kənd təsərrüfatı və təbii resursların qorunmasına xüsusi önəm verilir. Şəhərdə təsis edildikdən sonra ərazidə 2 milyondan çox ağac və bitki əkilib, çünki əvvəlcə bu torpaqlar tamamilə səhralaşmış vəziyyətdə idi.
6. Ərazisi və əhalisi: Auroville 20 kvadrat kilometr ərazini əhatə edir və quru, meşəlik və kənd təsərrüfatı üçün istifadə olunan sahələrdən ibarətdir.
Hazırda Auroville-də təxminən 3,500 nəfər yaşayır, bu insanlar dünyanın 60-dan çox ölkəsindən gəlmişdir. Burada yaşayanların 40%-i Hindistan vətəndaşıdır, qalan 60%-i isə əsasən Fransa, İtaliya, Almaniya və ABŞ-dan gələnlərdir.
7. Təhsil və yaradıcılıq: Burada 400-dən çox uşaqlar və böyüklər üçün ənənəvi olmayan, yaradıcı təhsil sistemləri tətbiq edilir. Sakinlər sənət, elm, texnologiya və digər sahələrdə öz bacarıqlarını inkişaf etdirə bilərlər.
Sonda, onu da deyək ki, Auroville-in təsis edilməsi zamanı UNESCO bu layihəni bəşəriyyətin gələcəyi üçün nümunə olaraq tanıyıb və bir neçə dəfə rəsmi dəstək verib. Hər il şəhəri əlli mindən çox turist ziyarət edir. Onların böyük hissəsi Matrimandiri ziyarət etmək istəyir.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi, hüquqşünas